AzQAC-ın rəsmiləri Sputnik İnformasiya Mərkəzində mətbuat konfransı keçirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İnformasiya Və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Seymur Hümbətov görüş zamanı Cəmiyyətin yaranma tarixi, fəaliyyət istiqamətləri və layihələr haqqında geniş məlumat verdi. Şöbə müdiri çıxışında 99 ilik şanlı tarixə malik AzQAC-ın Beynəlxalq hərəkatın tərkib hissəsi kimi də fəaliyyəti dövründə bu əsas missiyanın daşıyıcılarından biri olaraq təbii və texnogen fəlakətlərdən zərərçəkmiş insanların yanında olmuş, istər yerli səviyyədə, istərsə də beynəlxalq səviyyədə humanitar yardımların təşkili məqsədilə ianə toplanması aksiyalarının təşkilatçısı qismində təşəbbüslə çıxış etməsindən danışdı. Belə ki, bir neçə il öncə Cəmiyyətimizin təbii fəlakət nəticəsində zərərçəkmiş insanlara yardım göstərmək məqsədilə bu qəbildən olan kampaniyalar həyata keçirərək İran, Türkiyə, Sudan, Nepal, Belarus, İraq və Moldovaya humanitar yardımlar göstərməsini misal göstərdi. Hazırda Azərbaycan Respublikası Xarici Işlər nazirliyinin rəsmi məktubuna əsasən Əfqanıstanda quraqlıqdan əziyyət çəkənlərə yardım və Milli Cəmiyyət olaraq Cəmiyyətin İranda daşqından zərərçəkənlərə yardım kampaniyalarından bəhs etdi. Kampaniyanın uğurla davam etdiyindən danışdı.
Dövlət dəstəyinin AzQAC-ın fəaliyyətindəki önəmli təsirindən də bəhs edən natiq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları, Nazirlər Kabinetinin qərarları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikasının Qanunundan söhbət açdı. Güclü hüquqi bazası olan AzQAC-ın fəaliyyətlərinin şəffaflığından danışdı. Dünyada yeganə Milli Cəmiyyət olaraq AzQAC-ın haqqında dövlət tərəfindən qəbul edilmiş Qanunun olmasından bəhs etdi.
Daha sonra Seymur Hümbətov Cəmiyyətin fəaliyyət istiqamətləri haqqında verilən sualları cavablandırdı və AzQAC-nin fəaliyyətlərini əks etdirən video-rolik izlənildi.
Sonda yaratdığı şəraitə görə Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına Cəmiyyətin rəhbərliyi, kollektivi, çoxsaylı üzvləri və könüllüləri adından öz təşəkkürünü bildirdi.