AzQAC-da istehsalat təcrübəsində olan Azərbaycan “Dillər”, “Xəzər”, “Qərb”, “Turizm və Menecment” Universitetlərinin tələbələrinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, AzQAC-ın yaranma tarixi və fundamental prinsipləri haqqında Yayım, Gənclər və könüllülər, Fövqəladə hallara hazırlıq və cavab vermə, Yerli bölmələr və regional mərkəzlərlə iş, Sağlamlıq və qayğı, Fondların artırılması, İlk yardım, Axtarış, Miqrasiya, Humanitar yardım, Beynəlxalq əlaqələr sahələri üzrə seminarlar təşkil edilmişdir.
Seminarların bitməsi ilə əlaqədar olaraq tələbələrin AzQAC-ın rəhbərliyi ilə görüşü təşkil edildi. Görüşü giriş sözü ilə açan Cəmiyyətin vitse prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru dosent Qafar Əsgərzadə tələbələrin istehsalat təcrübəsində olduqları müddətdə əldə etdikləri biliklərin onlar üçün gələcəkdə fəaliyyətlərindəki əhəmiyyətindən bəhs etdi. Tələbələrə humanitar sahədə çalışmağın insanlıq üçün daha faydalı olmasından danışdı.
Daha sonra çıxış üçün söz alan tələbələr təcrübədə olduqları müddətdə əldə etdikləri biliklərin gələcəkdə işlərində onlara daha da faydalı olacağından danışdılar. Tələbələr çıxışlarında onlar üçün yaradılan şəraitdən məmnunluq hissi duyduqlarını bildirərək, AzQAC-ın rəhbərliyinə və kollektivinə, şəxsən AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanova öz dərin təşəkkürlərini bildirdilər.
Təcrübə müddətini uğurla bitirən tələbələrdən onlara keçilmiş sahələr üzrə müsahibə aparıldı və xasiyyətnamələr verildi.