Uzun illər ərzində AzQAC ilə Türkiyə Qızıl Aypara Cəmiyyəti arasında mövcud olan dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Təbii ki, bunun əsasında Türkiyə və Azərbaycan xalqlarının qardaşlığı durur. Bu illər ərzində Azərbaycana səfər edən Türkiyə Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarının Bakıya növbəti səfəri müqəddəs Ramazan ayına təsadüf edir. Ramazan ayında azərbaycanlı bacı-qardaşlarını sevindirmək, onlarla bayram payı və iftar süfrəsi təşkil etmək üçün xeyirxah bir missiyada bulundular.
Türk Qızıl Aypara Cəmiyyətinin nümayəndələri səfər çərçivəsində mayın 20-də AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov tərəfindən qəbul edildilər. Görüşdə AzQAC və Türk Qızıl Aypara Cəmiyyəti arasındakı işgüzar və dostluq münasibətlərindən söz açan Cəmiyyətin prezidenti bu yardıma görə Türk Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, xüsusən Cəmiyyətin prezidenti Kərəm Kınıka öz minnətdarlığını bildirdi. İki Milli Cəmiyyət arasındakı tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyindən əminliyini vurğuladı.
Elə həmin gün, Türk Qızıl Aypara Cəmiyyəti Ramazan ayı münasibətilə aztəminatlı və ehtiyaclı insanlara humanitar yardım paylamışdır. Ərzaq bağlamalarından ibarət olan bu yardım 1000 nəfəri əhatə etmişdir.
Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və Türk Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə ehtiyyaclı insanlara 500 nəfərlik iftar süfrəsi təşkil edilmişdir. İftarda AzQAC-ın və Türk Qızıl Aypara Cəmiyyətinin, yerli icra hakimiyyətinin məsul nümayəndələri, Xəzər rayon YAP-ın sədri, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirinin müavini iştirak etmişlər.