Bakı, 20 Noyabr 2019 – “Cənubi Qafqazın yerli icmalarının fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının gücləndirilməsi” adlı birgə proqramın icra edilməsinə başlanılmasının Beynəlxalq Federasiya, AzQAC və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 30 oktyabr tarixində Tbilisidə (Gürcüstan) elan edilməsinin ardınca həmin proqramın Azərbaycanda icra edilməsinə başlanılmasının rəsmən elan edilməsi mərasimi bu gün Bakı şəhərində baş tutdu.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, AzQAC-ın prezidenti Novruz Aslanov layihənin geniş miqyaslı mahiyyətindən bəhs etdi. Cəmiyyətin prezidenti çıxışında Milli Cəmiyyətin təbii fəlakətlər və fövqəladə hallar zamanı rolunun vacibliyini xüsusi olaaraq qeyd etdi. Həmçinin, AzQAC-a dövlət qayğısının və dəstəyinin önəmindən danışdı.
İcrasına yenicə başlanılan proqram çərçivəsində Azərbaycanın fəlakətə meyli ərazilərindəki ən ehtiyaclı insanlara sağlamlıq riskləri, habelə, fövqəladə hallar və fəlakətlərin təsirlərinin idarə olunması sahəsində köməklik ediləcək.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllü və işçiləri yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq şəraitində fəlakət və böhranların səbəb olduğu insan sağlamlığı ilə bağlı nəticələrə reaksiya verilməsinə dair biliklərini genişləndirib artıracaqlar. “Fəlakətlər, böhranlar və digər fövqəladə hallar çox zaman insan itkilərinə gətirməklə yanaşı, habelə insan sağlamlığına da əhəmiyyətli təsir göstərir. Hər bir yeni təhlükə sağlamlıq risklərinin idarə olunması ilə bağlı problemlər yaradır. Odur ki, təbii fəlakətlərə qarşı birgə və əlaqələndirilmiş şəkildə hazırlıq və cavab tədbirləri sahəsində milli hakimiyyət orqanları və yerli icmaların potensialının artırılması çox vacibdir və bu da heç kimin bu işdə diqqətdən kənar qalmamasına kömək edəcəkdir” deyə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov bildirmişdir.
“Yerli insanlar çox vaxt təbii fəlakətlərə və ya xəstəliklərin yaranmasına ilk reaksiya verənlərdir. Buna görə icmalara və Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinə fövqəladə hallarda sağlamlıq sahəsində necə davranmağı öyrənməyə kömək etmək çox vacibdir” deyə Beynəlxalq Federasiyanın Cənubi Qafqaz üzrə Ofis Rəhbəri Olqa Cumayeva bildirmişdir.
Azərbaycan zəlzələ, sel, torpaq sürüşməsi daxil olmaqla təbii fəlakətlərə, habelə texnoloji fəlakətlərə, məsələn, sənaye və nəqliyyat qəzalarına meyllidir. “Beynəlxlaq Federasiya və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq, milli hakimiyyət orqanları və yerli icmalara gələcəkdə fövqəladə hallar zamanı sağlamlıqla bağlı problemlərin yaranmasının qarşısını almaq və bunlara reaksiya vermək imkanının qurulmasına, habelə yerli səhiyyə sistemini daha möhkəm və uzunmüddətli təməl üzərinə qoymaq işində kömək edəcəkdir” deyə USAID-in Azərbaycanda Missiyasının Rəhbəri Jay Singh bildirmişdir.
Bir illik layihə müddətində yerli icmalar, habelə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri və işçiləri pandemiyaya hazırlıq, epidemioloji nəzarət, su gigiyenası və sanitariyası, çoxsaylı insan tələfatına səbəb olan hadisələrə reaksiya, ilk tibbi yardım və psixoloji dəstək mövzularında təlim alacaqlar.
Tədbirin sonunda bütün iştirakçılarla birlikdə xatirə şəkli çəkdirildi.