20 noyabr tarixi –Uşaq Hüquqları Bəyannaməsinin (1959) və Uşaq Hüquqları Konvensiyasının (1989) BMT-nin Baş Assambleyası tərəfindən qəbul edildiyi gün Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur. Hər il olduğu ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq Hüquqları aylığı” təşəbbüsünü irəli sürmüşdür. Aylıq çərçivəsində Müvəkkil bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-ə müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciət ünvanlamışdır. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu fəaliyyətlər çərçivəsində yerli qurumlarla birgə maarifləndirmə tədbirlərini təşkil etmişlər.
Belə ki, noyabr ayının 16-də Sabunçu Rayonu, Bakixanov qəsəbəsində fəaliyyət göstərən Asan Xidmət könüllülərinə “Uşaq Hüquqları”mövzusunda maarifləndirici seminar təşkil edilmişdi. Seminar Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) şöbə müdiri Rəşid Rumzadə və AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən aparılmışdı. Hər iki mütəxəssis 2018 ildə YUNİCEF-in “Uşaq hüquqları”na dair təlimçilər üçün təlimin (ToT) iştirakçıları olmuşlar. Seminarda Uşaq Hüquqları Konvensiyanın – Yaşamaq hüququ, Müdafiə hüququ, İnkişaf hüququ, İştirak hüququ kimi kateqoriyalar barədə geniş məlumatlar təqdim edilmiş, maddələri xüsusi modullar vasitəsilə izah edilmişdi. Bununla bağlı iştirakçılar bəzi uşaq hüquqlarına dair qrup işləri və təqdimatlar etmişlər.
Digər tədbir, Gəncə şəhərində 1 saylı uşaq poliklinikasının tibb işçilərinə “Uşaq hüquqları-pediatrlar nə edə bilər” mövzusu altında seminar təşkil olunmuşdur. Uşaqlara xidmət göstərən tibb işçilərinə Uşaq Hüquqları Konvensiyasında yer alan uşaq sağlamlığı ilə bağlı maddələri xüsusi vurğulandı və onları uşaqların sağlamlığının keşiyində həyata keçirilən fəaliyyətlərdə uşaq hüquqlarının müdafiəsi prizmasından yanaşaraq, bu sahədə fəal olmağa çağırmışdır.