Hər gün yüzminlərlə sərnişinə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkəti müqəddəs Qurban bayramı ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon şöbəsinin təşkilati dəstəyi ilə 100-ə qədər aztəminatlı, fiziki məhdudiyyətli və tənha yaşayan ahıl şəxslərin ailələrinə bayram sovqatı təqdim edib. Tədbirdə çıxış edən şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizam Rzayev təmsil etdiyi şirkətin daim sosial aksiyalar keçirdiyini, əhalinin həssas sosial kəsiminə diqqətlə yanaşdığını bildirib. Qeyd edilib ki, 700 nəfərə yaxın işçi heyəti olan şirkət əməkdaşlarının sosial müdafiəsinin təmin edilməsi, fiziki məhdudiyyətli bir çox şəxslərin işlə təmin edilməsinə də böyük əhəmiyyət verir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi Rayon şöbəsinin sədri Afət Quliyeva əhalinin aztəminatlı kəsiminə göstərilən diqqətə görə təşəkkür edib. O, dövlətin hər zamanəhalinin aztəminatlı hissəsinin sosial rifahının yüksəldilməsi məqsədilə ardıcıl sosial siyasət apardığını bildirib və “Xaliq Faiqoğlu” şirkətinin bu tip aksiyalar həyata keçirməsinin qürurverici hal olduğunu vurğulayıb.