Hörmətli Novruz müəllim!
Azərbaycanda könüllülük ənənəsi çox zəngindir. XIX əsrin sonu XX əsrin əvvəlləri bir sıra xeyriyyə cəmiyyətləri çox uğurlu fəaliyyət göstərmiş, insanları xeyriyyə işlərinə cəlb etmişlər. 1920-ci ildə humanitar sahədə fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranması xalqımıza xas ən yüksək mənəvi-əxlaqi davranış nümunəsi olan olan humanizmin göstəricisidir.
İkinci dünya müharibəsi illərində yaralı əsgərlərə göstərdikləri fədakar və qayğıkeş xidmətləri, qan donorluğu sahəsindəki, bütövlükdə şəfqət sahəsindəki xeyirxah işlərini nəzərə alaraq bir çox şəfqət bacıları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı olan “Florens Naytinqeyl” medalı ilə təltif edilmişdilər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1995-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvü olmuşdur. Silahlı münaqişə qurbanlarına, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım və sosial xidmətlərin göstərilməsi sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyətini nəzərə alaraq, cənab prezident İlham Əliyev 7 aprel 2008-ci ildə hər il mart ayının 10-nun “Qızıl Aypara Günü” kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaranandan bəri aztəminatlı ailələrə, müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və digər həssas təbəqədən olan insanlara humanitar missiya çərçivəsində daim dəstək vermişdir.
Qızıl Aypara Cəmiyyəti 44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı ərazilərdə zərər çəkmiş mülki əhaliyə fasiləsiz olaraq ərzaq və qeyri-ərzaq məhsullar çatdırmaqla dəstək olmuş, Cəmiyyətin əməkdaşları və fövqəladə mobil könüllü dəstələrin könüllüləri cəbhəyanı ərazilərdəki yerlərdə mülki əhalinin təxliyə olunmasında, humanitar yardımların göstərilməsində və yaralıların xəstəxanalara çatdırılmasında müstəsna köməklik göstərmişlər.
Hörmətli Novruz müəllim!
Bir daha Sizi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün əməkdaşlarını 10 mart – Qızıl Aypara Günü münasibətilə ürəkdən təbrik edir, çətin və şərəfli işinizdə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Ülviyyə Həmzəyeva
Milli Məclisin deputatı