Respublikamızda hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək “Uşaq hüquqları” aylığı keçirilir. İnsan hüquqlarının təmin olunması hər bir dövlətin demokratiya yolu ilə inkişaf etdiyinin ən mühüm göstəricidir. Azərbaycanda da bu prinsiplər dövlət siyasəti səviyyəsində tanınır, tətbiq edilir və daim təkmilləşir. Azərbaycan Respublikasının Konstitusiyasında uşaqların hüquq və mənafeyi müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qoşulduğu mühüm beynəlxalq sənədlərdən biri də 1992-ci ildə məhz Uşaq Hüquqları Konvensiyasıdır. Bundan sonra respublikamız bir sıra beynəlxalq sənədlərə qoşulmaqla, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirməyə başlamışdır. 1998-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının “Uşaq Hüquqları haqqında” Qanunu milli qanunvericiliyin bu sahədə qəbul edilmiş beynəlxalq standartlara uyğunlaşdırılması yolunda atılmış addımlardan biridir. Ölkəmizdə uşaq hüquqlarının müdafiə olunması məqsədilə mühüm qanunlar və proqramlar qəbul olunur. Uşaqların hüquqlarının qorunması və onların inkişafı naminə Ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə aparılan sosial, iqtisadi və hüquqi islahatlar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Respublikamızda keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində və dövlət proqramına dəstək olaraq AzQAC-nin Sabunçu rayon bölməsinin əməkdaşları 10 saylı internat tipli məktəbdə Ambudsmanın əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirildi. Maariflənmə interaktiv şəkildə çox maraqlı keçdi. Uşaqların hüquqları haqqında ətraflı məlumat verildi və vəzifələri də müzakirə olundu. Keçirilən tədbirlər ölkəmizdə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə töhfəsini verəcək. Uşaqların hüquqlarının qorunması dövlətimizin daim nəzərindədir və inkişaf edir.