2021-ci il martın 31-də AzQAC-ın baş ofisində Regional İnkişaf İctimai Birliyinin könüllülərinin təltifetmə mərasimi keçirildi. Görüşü giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov RİİB könüllülərini salamlayaraq, onları Cəmiyyətdə görməyindən məmnun olduğunu bildirdi. Gənclərlə görüşməyin gələcəyə işıq tutmaq olduğunu xüsusi olaraq vurğuladı. Cəmiyyətin prezidenti, həmçinin, BQX/QA Hərəkatı və AzQAC-ın fəaliyyət istiqamətləri haqqında da qısa məlumat verdi.
AzQAC-ın 101 yaşının olduğunu deyən natiq, Cəmiyyətin hazırda 25000-ə yaxın fəal könüllüsünün fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Azərbaycanın bütün bölgələrində AzQAC-ın şəhər və rayon bölmələrinin fəaliyyət göstərdiyini və onların özlərinin də könüllülərə malik olduğunu söylədi. 2020-ci ilinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən respublikada “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamından sonra bir çox sahədə fəaliyyət göstərən qurumlarda könüllüləri yetişdiyini xüsusui olaraq vurğuladı. Həmçinin, özünün 25 ilə yaxın könüllü fəaliyyət göstərdiyini və hazırda da AzQAC-ın prezidenti vəzifəsini könüllü olaraq yerinə yetirdiyini görüş iştirakçılarının nəzərinə çatdırdı.
Dövlətin Cəmiyyətə olan diqqət və qayğısından söz açan Cəmiyyətin rəhbəri “AzQAC haqqında” Qanunundan və ölkə başçısı İlham Əliyevin 7-ə yaxın Sərəncamından bəhs etdi. Bu qanunun dünyada fəaliyyət göstərən 192 milli cəmiyyət üçün bir nümunə olduğunu da iştirakçıların nəzərinə çatdırdı.
Daha sonra çıxış edən RİİB-in nümayəndəsi Adilə Əliyeva təmsil etdiyi birliyin və könüllülərin adından AzQAC-ın prezidentinə təşəkkür etdi. O, bundan sonra da əməkdaşlığın davam etdiriləcəyini vurğuladı.
Novruz Aslanov gənclərə uğurlar diləyərək, onlarla gələcəkdə də birgə layihələrdə birlikdə çalışmaqdan məmnunluğunu ifadə etdi.
Sonda RİİB könüllüləri AzQAC-ın İlk Yardım sertifikatları ilə təltif edildilər.