COVİD-19 virusunun uşaqlara təsiri az olsa da, vərəm onlardan yan keçmir. Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə bağlı 2020-ci il hesabatına əsasən, 2019-cu ildə dünyada 1.2 milyon 15 yaşadək uşaq vərəmlə xəstələnib. Vərəm qarşısı alına bilən və müalicə edilə bilən xəstəlik olsa da, dünya miqyasında uşaq ölümlərinin ilk səbəblərindən biridir. Vərəm ən çox gənc və həssas insanlara təsir edir: Uşaqlarda vərəmdən ölümlərin 80% -i beş yaşdan kiçik uşaqlar arasında baş verir. Buna görə uşaq vərəminə son qoymaq, yeni doğulmuş körpələrin və beş yaşınadək uşaqların ölümlərinə son qoymaq 2030 Davamlı İnkişaf Məqsədlərinin mərkəzində dayanır.
25 mart tarixində “24 Mart Ümumdünya Vərəmlə Mübarizə günü” – nə həsr olunmuş “Uşaqlarda vərəm və COVİD-19” mövzusunda xarıcı mütəxəssislərin iştirakı ilə vebinar keçirildi. Vebinar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, “Sağlamlığa Xidmət” İctimai Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə, “TB REP” proqramının dəstəyi ilə təşkil olundu.
Vebinarın məqsədi “Uşaqlarda vərəm və COVİD-19” mövzusu ilə bağlı digər ölkələrlə təcrübə mübadiləsinin aparılması, bu istiqamətdə bilik və bacarıqların artırılması, Türkiyə, Latviya, Azərbaycan və ümumilikdə beynəlxalq təcrübə ilə tanış olmaq idi.
Vebinarda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru professor Həqiqət Qədirova, Baş ftiziatoru, 1 saylı vərəm dispanserinin baş həkimi professor Yavər Şıxəliyev iştirak edib, Ümumdünya Vərəmlə Mübarizə Gününün qeyd olunmasının və uşaqlarda vərəm mövzusuna dair məlumat mübadiləsinin aparılmasının çox əhəmiyyətli olduğunu və vebinarın təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.
Vebinarda xarici ekspertlərdən Bezmialem Fond Universiteti, Tibb Fakultəsi, Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə və xüsusilə, Uşaq Ağciyər Xəstəlikləri üzrə ixtisaslaşmış Prof.Dr.Erkan Çakır və Latviya Uşaq Kliniki və Şərqi Riqa Kliniki Universitet Xəstəxanalarının həkim pnevmonoloqu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Uşaq vərəmi üzrə məsləhətçisi Prof.Dr.İveta Ozere Latviyada pediatrik vərəmin aşkarlanması, profilkatika, müalicə və qayğı haqqında öz təcrübələri barədə təqdimatlarla çıxış etmişlər.
Azərbaycanda uşaqlarda vərəmin profilaktikası, diaqnostikası, müalicəsi, ümumilikdə vərəmin erkən aşkarlanması üçün təşkil edən xidmətlər barədə isə 1 saylı Vərəm Əleyhinə Dispanser, uşaq şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Mənzər Qurbanova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Səhiyyənin Təşkili və İctimai Sağlamlıq üzrə həkim-mütəxəssisi Vəfa Ağayeva vərəm təqdimatla çıxış edərək ətraflı məlumat verdilər.
Daha sonra çıxış edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova “Uşaqlarda vərəm və COVİD-19: ictimai tədbirlərin əhəmiyyəti barədə çxış etdi, vərəmlə mübarizə istiqamətində qeyri-hökumət təşkilatlarının əhəmiyyətli rolu, bugünədək görülmüş işlər, dərc olunmuş məlumat xarakterli kitabçalar haqqında iştirakçılara məlumatları çatdırdı.
Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvü və “Sağlamlığa Xidmət” İctimai birliyinin (İB) İcraçı direktoru Pərvanə Vəliyeva Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar ölkəmizdə “Sağlamlığa Xidmət” İB tərəfindən təşkil olunmuş silsilə aksiya və tədbirlər barədə məlumat verdi. O bildirdi ki, 24 mart günü şəhərin bir neçə məhşur tikilisi, o cümlədən, 12-ci əsrin tarixi-memarlıq abidəsi “Qız Qalası” və “Bakı Olimpiya Stadionu” qırmızı rəngə boyanıb və məqsəd vərəmlə mübarizəyə diqqət çəkmək olub. Bununla da, 2017-ci ildən bütün dünyada keçirilən bu təşəbbüsə bu il Azərbaycan da qoşulub.
Vebinarda ümumilikdə 147 nəfər iştirak edib, onlardan 32 nəfəri xarici izləyicilər olmuşdur.