Son illər ərzində Azərbaycanda sosial iş sahəsinin inkişafına dair geniş fəaliyyətlər həyata keçirilir. Son 5 il ərzində bir sıra təhsil müəssisələri (BDU, Turizm İnstitutu, Slavyan Universiteti, Azərbaycan Universiteti və s.) tərəfindən tələbələr Beynəlxalq Humanitar Hüquq, humanitar, ictimai sağlamlıq və digər sahələrə dair istehsalat təcrübəni əldə etmək məqsədilə AzQAC-nə göndərilir. Sosial iş üzrə təhsil alan tələbələri xüsusi qeyd etmək olar. AzQAC-də onlara Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatın 7 prinsipləri əsasında qurulan insanlara xidmət etmək (sosial işin əsası ) üzrə bilik və bacarıqları, beynəlxalq təcrübə barədə geniş imkanlar təqdim edilir.
2015-ci il noyabr ayının 10-da Azərbaycan Sosial İş İctimai Birliyi Azərbaycan Turizm İnstitutunda sosial iş ixtisası üzrə təhsil alan birinci kurs tələbələri ilə görüş keçirmişdir. Görüşdə hal-hazırda Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının birlikdə həyata keçirdiyi “Azərbaycanda Sosial Xidmətlərin İnkişaf etdirilməsi” layihəsinin koordinatoru avstriyalı ekspert Herbert Paulischin dəvət olunmuşdur. O, tələbələrə layihə çərçivəsində Azərbaycanda sosial iş sahəsinin inkişafına dair həyata keçirilən tədbirlər barədə geniş məlumatlar təqdim etdi. Cənab Herbert Paulischin sosial iş sahəsində 40 illik professional təcrübəyə sahibdir, Avstriya Sosial İşçilər Assosiasiyasının icraçı direktoru olaraq fəaliyyət göstərir. Bununla yanaşı tələbələrə müxtəlif beynəlxalq mütəxəssislərin iştirakı ilə təşkil olunan təlim və seminar, istehsalat təcrübə keçmək üçün bir sıra təşkilatlar barədə də məlumatlar çatdırılmışdır.
Azərbaycan Sosial İş İctimai Birliyi tərəfindən adı gedən görüşə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramın rəhbəri Mətanət Qaraxanova dəvət olunmuşdur. O, tələbələrə AzQAC-in həyata keçirdiyi sosial işlə əlaqəli fəaliyyətləri və tələbələrin yuxarı kurslarda Cəmiyyət -də istehsalat təcrübəni keçmək imkanları barədə ətraflı məlumat təqdim etmişdir.
Gələcəkdə AzQAC-in Azərbaycan Sosial İş İctimai Birliyi ilə birgə əməkdaşlığın davam etdirilməsi və geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub.