Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türkiyə Qızıl Ay Cəmiyyəti ilə birgə Ramazan bayramı münasibətilə aztəminatlı insanlar üçün ərzaq yardımı paylanmasını nəzərdə tutmuşdur. Ümumilikdə 5000 nəfəri əhatə edəcək ərzaq yardımları Ağdam, Astara, Füzuli, Tərtər, İsmayıllı, Gəncə, Lənkəran, Masallı, Lerik, Quba, Qusar, Sumqayıt, Xaçmaz şəhərlərinə göndəriləcəkdir. Bu münasibətlə 2021-ci il aprelin 21-də hər iki təşkilatın nümayəndələrinin iştirakı ilə həmin yardımların anbarlardan ünvanlara yola salınması tədbiri baş tutmuşdur. AzQAC öz mandatına və missiyasına uyğun olaraq istər dinc dövrdə, istər münaqişə, istərsə də fövqəladə hallar zamanı ehtiyaclı insanlara humanitar yardımlar göstərir. COVİD-19 ilə mübarizə çərçivəsində ehtiyaclı insanlara ərzaq və qeyri-ərzaq bağlamalarından ibarət yardımlar göstərilmişdir.
Tədbirdə çıxış edən AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə iştirakçıları Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun adından salamlayaraq Türkiyə Qızıl Ay Cəmiyyəti ilə münasibətlərin çox yüksək səviyyədə qurulmasından söz açdı. 1992-ci ildən bu günə kimi humanitar sahədə hər iki qurum arasındakı münasibətlərin təqdirəlayiq olduğunu xüsusui vurğuladı. Türk Qızıl Ay Cəmiyyətinin pandemiya zamanı, eləcə də, ehtiyaclı insanlara 44 günlük Vətən müharibəsi dönəmində cəbhəyanı ərazilərdə zərər çəkən mülki əhaliyə humanitar yardımların göstərilməsində yaxından iştirak etdiyini və daim Milli Cəmiyyətə yardım etdiyini söylədi. Natiq fürsətdən istifadə edərək Türkiyə Qızıl Ay Cəmiyyətinin rəhbrəliyinə və işçi heyətinə öz dərin minnətdarlığını bildirdi.
Daha sonra çıxış edən TQA Cəmiyyətinin Azərbaycan Nümayəndəliyinin rəhbəri Semih Paslı Türk Qızıl Ay tərəfindən 2021-ci il Ramazan fəaliyyətləri çərçivəsində AzQAC illə koordinasiyalı şəkildə başda şəhid ailələri olmaqla 5000 ehtiyaclı insan ərzaq bağlamaları paylanılacağını söylədi. Ehtiyaclı insanların müəyyənləşdirilməsi üçün Füzuli, Tərtər, Ağdam, Astara, Lənkəran, Masallı, Lerik, Qusar, Xaçmaz, Quba, Sumqayıt, Gəncə, İsmayıllı şəhərlərində qeydiyyatlar aparılmışdır. Yardımların AzQAC-ın şəhər və rayon bölmələri tərəfindən həyata keçiriləcəyini iştirakçıların nəzərinə çatdırdı.