Hər il olduğu kimi bu Ramazan ayında da bölmə qeydiyyatında olan ahıllar unudulmamış, birgə əməkdaşlıq etdiyimiz ənənəvi xeyriyyəci şəxslər və təşkilatlar tərəfindən diqqətda saxlanılmışdılar. Belə ki, Müqəddəs Ramazan ayının əvvəlində Türk Kızılayının “Qida yardımı proqramı çərçivəsində” 200 ailəyə bayram sovqatları verilmişdi. Bu sovqatlar 44 günlük müharibə zamanı şəhid və qazi ailələrinə, aztəminatlı, daha ehtiyaclı ahıllara paylanılmışdı. 2008-ci ildən bölmə ilə mütəmadi əməkdaşlıq edən, adının hallanmasını istəməyən xeyriyyəçimiz tərəfindən 56 ailəyə qurban əti verimişdi.Digər xeyriyyəçimiz tərəfindən 35 ailəyə həm ərzaq və həm də qurban əti paylanılmışdı. Daha bir ənənəvi xeyriyyəçimiz 25 ailəyə həm ət məhsulları və həm də geniş çeşidli ərzaq yardımları etmişdi. Allah rizası ücün daha 10 ailəyə qurban payı verimişdi. Ramazan bayramı ərəfəsində Paşa Bank ASC tərəfindən 50, SOCAR Polymer MMC tərəfindən 140, Paşa Həyat ASC tərəfindən isə 25 ahıl ailələrinə bayram sovqatları təqdim olunmuşdu. Lactalis Caspi MMC öz ağartı məhsulları ilə ahıllarımızı sevindirmişdilər. Ənənəvi xeyriyyəçimiz, Ordubad Marketin rəhbəri Taleh Məmmədov toyuq məhsulu ilə bayram bağlamalarımızı zənginlətmişdi. Pandemiya qaydalarına riayət etmək şərti ilə fərqli zamanlarda dəvət olunan ailələr Ramazan ayı ərzində onları diqqətdə saxlayan xeyriyyəçi fərdlərə və təşkilat nümayəndələrinə öz xeyir-dualarını vermişdilər. Ofisə gəmək iqtidarında olmayan yataq xəstələrinin bayram sovqatları könüllülər tərəfindən evlərində paylanılmışdı. Ümumilikdə xeyirxah şəxslər və idarə, müəsissələr tərəfindən verilən yardımlar sayəsində 541 ailə diqqətdən kənarda qalmamış, bu əziz ayda sevindirilmişdilər.