Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır. Şəkərli diabetin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu qeyri-infeksion epidemiya kimi dəyərləndirir. Bu məsələyə düzgün yanaşma olmadıqda 2035-ci ilə 600 million insanda şəkərli diabet aşkar oluna bilər. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 dekabr 2006-cı il tarixli 61/225 saylı qətnaməsində bildirilir ki: ”Şəkərli diabet xroniki, üzücü, böyük xərclər tələb edən, ağır xroniki fəsadlarla müşayiət edilən xəstəlikdir, hansı ki, ailəyə, üzv dövlətlərə, bütün dünyaya böyük təhlükə yaradır və beynəlxalq səviyyədə inkişaf məqsədlərinə ciddi maneçilik törədir.
Göstərilən statistic məlumatlar, bildirilənlər bizi sağlamlığ ilə bağlı problemlərə qarşı daha düşüncəli, diqqətli olmağa vadar edir. Qeyd etmək lazımdır ki, Respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq lazımı işlər görülür. Dövlətimiz şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilmişdir. Növbəti illər üzrə Nazirlər Kabinetinin 2010-ci il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir.
Şəkərli Diabet xəstəliyi bizim müdaxiləmizi tələb edən mühüm məsələlərdən biridir və onun aradan qaldırılmasında, xəstəliyin inkişafının qarşısının alınmasında dövlət və qeyri-dövlət təşkilatlarının birgə səylərinin göstərilməsi vacibdir. Məhz elə bu səbəbdən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) artıq ənənəvi olaraq ona daimi dəstək duran və tərəfdaş olan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Diabet Liqası (ADL) və digər təşkilatlarla birlikdə bu xəstəlik haqqında geniş ictimayyətin cəlb olunması və eyni zamanda 14 noyabr Ümumdünya Diabet Gününün qeyd olunması üçün tədbirləri həyata keçirir. 14 noyabr Ümumdünya Diabet Gününü bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə və Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə 1991-ci ildən qeyd olunur. Bu gün eyni zamanda böyük həkim, alim, Nobel mükafatı laureatı, insulini kəşf edən Frederik Bantınqın anadan olması günüdür. 2007-ci ildən isə 14 noyabr BMT günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir.
Planlaşdırılan və artıq həyata keçirilən tədbirlərdən biri Azərbaycan Dövlət Pedaqoju Universitetində təşkil olunan müəllim və tələbə heyyəti ilə görüş iydi. Görüşün əvvəlində AzQAC, ADL və İSİM-in əməkdaşları Azərbaycan Dövlət Pedaqoju Universitetinin prorektoru cənab Fikrət Rzayevə və universitetin nəzdində yaradılmış AzQAC Komitəsinin sədri Jalə xanım Qədimovaya tədbirin keçirilməsi üçün yaranmış şəraitə görə dərin təşəkkürlərini bildirdilər.
Tədbir zamanı iştirakçılara 14 noyabrla və ümumiyyətlə şəkərli diabet mövzusu ilə bağlı ətraflı məlumatlar təqdim olundu (şəkərli diabetin tipləri, əmələ gəlməsinin səbəbləri, müalicəsi, düzgün qidalanmanın və aktiv həyat tərzinın şəkərli diabet xəstəliyinin profilaktikasında rolu və s.). Məruzələrin sonunda tədbir iştirakçılarının sualları cavablandırıldı.
Tədbirin sonunda iştirakçılara şəkərli diabet mövzusunda və Medtronic kompaniyasının şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar üçün istehsal etdikləri yeniliklər haqqında video çarx nümayiş olundu.
14 noyabr Ümumdünya Diabet Gününün qeyd olunması davam olunur