Fövqəladə Mobil Könüllü Dəstənin aylıq görüşü 22 aprel 2022-ci il tarixində bölmənin ofisində keçirildi. Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin məsul əməkdaşı Rasim Allazov və AzQAC-nin proqram koordinatoru Nigar Rüstəmzadə iştirak edirdi. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları və könüllüləri salamlayaraq görüşün məqsədi barədə məlumat verib, bölmənin 2 ay ərzində gördüyü işlər barəsində məlumatı vermək üçün sözü bölmə təlimatçısına verdi. Bölmə təlimatçısı Lalə Cəlilzadə 2 ay müddətində bölmənin və bölmə könüllülərin gördüyü işlər barədə təqdimat etdi . Növbəti ay ərzində görüləcək işlər müzakirə olundu. Daha sonra BQXK-nin əməkdaşı Rasim Allazov könüllülərə «Təhlükəsiz yetişmə və onun 8 elementi» barədə təqdimat edərək məlumatlar verdi. Könüllüləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.