26 noyabr 2015-ci il tarixində Avstriyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Vek, Avstriya Qızıl Xaç Cəmiyyətinin “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin Cənubi Qafqaz milli cəmiyyətləri üzrə meneceri Maykl Qrabner, AzQAC prezidentinin Fövqəladə Hallar üzrə müşaviri Elşən Səlimzadə, “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Səbinə Məhbubi-İran, Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə AzQAC Sumqayıt şəhər bölməsinin qonağı olmuşdular.
Əvvəlcə qonaqlar bölmənin inzibati binası ilə tanış olmuş, görülən işləri əks etdirən fotostentə baxış keçirmişlər. Daha sonra bölmənin könüllüsü Rəşad Süleymanlı Sumqayıt şəhər bölməsinin fəaliyyətinə həsr olunmuş prezentasiyanı Avstriyalı qonaqlara ingilis dilində təqdim etmişdir. O, xüsusilə “Əlil uşaqların sosial inteqrasiyası”, “Mərhəmətli olmağa tələsin!” layihələri, maarifləndirici seminar və təlimlər (QİÇS, AİDS, İnsan alverinə qarşı mübarizə, narkomaniya əleyhinə və s.), Fövqəladə Hallara Hazırlıq üzrə mobil dəstənin fəaliyyəti, humanitar yardımlar, qanvermə aksiyaları və könüllülərlə bağlı keçirilən tədbirlər barədə qonaqlara məlumat verdi. Avstriyalı qonaqlar təqdimatı izləyərkən onları maraqlandıran suallarla müraciət edirdilər. Qarşılıqlı diskusiya şəklində keçən görüşdə bölmə sədri Mətanət Məhərrəmova bölmənin fəaliyyəti haqqında dolğun məlumatlar verərək qonaqların suallarını cavabladı. Avstriya Qızıl Xaç Cəmiyyətinin nümayəndəsi və Avstriyanın Azərbaycandakı səfiri bölmənin çoxşaxəli fəaliyyətindən məmnun qaldıqlarını bildirərək, gələcək işlərdə uğurlar arzuladılar.