8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı günü münasibətilə iclas keçirildi. AzQAC-ın baş ofisində baş tutan iclasda Cəmiyyətin Ali rəhbərliyi, katibliyi və əməkdaşları iştirak edirdilər. İclası giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Cəmiyyətin kollektivini, çoxsaylı üzvlərini və könüllülərini 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı günü münasibətilə təbrik etdi. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədar olaraq AzQAC-ın Rəyasət Heyəti Şuşa geri qaytarılanadək 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı gününü mayın 7-də qeyd edirdi. 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş Azərbaycan torpaqları, eləcə də, 28 ildən sonra Şuşa şəhəri işğaldan azad olundu. Bununla əlaqədar olaraq AzQAC İdarəetmə Şurası qərar qəbul edərək 1992-ci ildə qəbul olunmuş qərarı ləğv etmişdir. Beləliklə, BQXQA Hərəkatı günü Azərbaycanda hər il mayın 8-də qeyd olunacaqdır.
Cəmiyyətin prezidenti çıxışında bu günün önəminə uyğun olaraq Hərəkatın tarixi haqqında qısa məlumat verdi. Həmçinin, natiq AzQAC-ın BQXQA Hərəkatının tərkib hissəsi kimi öz humanitar missiyasını layiqincə davam etdiyini xüsusi olaraq qeyd etdi. Hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən AzQAC respublikada BQX/QAC Federasiyasının tam, daimi və bərabərhüquqlu üzvü kimi rəsmən tanınmışdır. Dövlət dəstəyinin önəmini xüsusi olaraq vurğulayan prezident Azərbaycan Respblikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin imzaladığı AzQAC haqqında Qanunun buna misal olduğunu bildirdi. Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov bugün xalqımızın bu gün xalqımızın Ümummilli lideri, AzQAC-nin fəxri üzvü Heydər Əliyevi anadan olmasının 99 illiyi münasibətilə dərin hörmət və qürur hissi ilə andığını söylədi.
Daha sonra çıxış edən Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə AzQAC-ın 1999-cu ildən bu yana özünün inkişaf dövrünü yaşadığını xüsusi olaraq qeyd etdi. AzQAC haqqında Qanunun qəbul edilməsinin Cəmiyyətin gələcək işlərinə xüsusi olaraq təsir etdiyini bildirdi. Hazırda Milli Cəmiyyətin BQXQAC Federasiyası, BQXK, dövlət qurumları və digər təşkilatlarla yüksək səviyyədə əməkdaşlıq münasibətlərinin qurulduğunu söylədi. Vitse-prezident 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı günü münasibətilə hazırlanan təkliflər planının tam şəkildə həyata keçirildiyini diqqətə çatdırdı.
Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyev çıxışında Hərəkatın tərkib hissəsi kimi AzQAC-ın beynəlxalq görüşlərdə iştirakı və həyata keçirdiyi işlərin önəmini xüsusilə qeyd etdi. Milli Cəmiyyətin fəaliyyətini öz mandatına və missiyasına uyğun olaraq yüksək səviyyədə qurduğunu söylədi. İcraçı katib Milli Cəmiyyətin Hərəkatın fundamental prinsiplərinə sadiq qalaraq həm pandemiya, həm də müharibə dövründə öz işini fasiləsiz olaraq davam etdirdiyini xüsusilə qeyd etdi.Sonda AzQAC-ın prezidenti Novruz Aslanov Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyevi və AzQAC Kəlbəcər rayon bölmə sədri Gəncəli Mehdiyevi doğum günü münasibətilə təbrik etdi.