WhatsApp Image 2022-09-23 at 3.23.58 PM

Azərbaycan dili kursunun 10–cu tədris ilinə hazırlıqla bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işçi qrupunun BMT-nin Qaçqınların Hüquqları üzrə Ali Komissarlığının (QAK) ofisində işgüzar görüşü keçirildi

AzQAC uzun illərdir ki, ənənəvi olaraq xüsusilə də, qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edir və ilk yardım, sağlam həyat tərzi və s. üzrə maarifləndirmə sessiyaları təşkil edir.

2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, Milli Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun təşəbbüsü ilə 2013-cü ilin oktyabr ayının 1-dən əcnəbi miqrantlar üçün açılmış təmənnasız Azərbaycan dili kursu 10–cu ildir ki müvəffəqiyyətlə davam edir.

AzQAC-ın Miqrasiya şöbəsinin nəzdində ölkəmizə pənah gətirmiş miqrantların təhsili və bununla bağlı məsələlərin təşkili üçün yaradılmış işçi qrupun üzvlərinin BMT-nin Qaçqınların Hüquqları üzrə Ali Komissarlığının (QAK) ofisində proqram şöbəsinin müdir müavini Nərmin Osmanlı, proqram məsələləri üzrə baş müşavir Tural Abbasov, maliyyə yardımları üzrə baş köməkçi Lena Vəliyeva, BMT QAK-ın Qəbul Mərkəzinin İdarə olunması üzrə mütəxəssis (QMİM) Afət Yunisova və miqrantların təhsili üzrə koordinator Sadiq Ağalarov ilə görüşü təşkil olunmuşdur. Görüşdə iştirakçılar  miqrantların yeni dərs ilinə hazırlığının tələb və təkliflərə uyğun şəkildə təşkili, bu yönümdə rast gəlinən problemlər və onların mümkün həll yolları, miqrant şagirdlərin orta təhsil müəssisələrinin müvafiq siniflərinə lazımi dil biliyi səviyyəsinə istinadən qəbul edilmələri və bu prosesdə bəzi çatışmazlıqların olması müzakirə edildi. Müzakirə zamanı miqrant şagirdlərə ehtiyaca müvafiq məktəb hazırlığı üçün edilən maddi yardım, tibbi ehtiyaclarının qarşılanması, boş vaxtlarının səmərəli təşkili, əlavə dərs məşğələlərinin təşkili, ölkədəki ali təhsil ocaqlarında təhsil üçün onlara maddi dəstəyin göstərilməsindəki mühüm məqamlar, dərslərə mütəmadi gəlib-getmək üçün onlara nəqliyyat ödəniş kartlarının alınmasında kömək etmək geniş müzakirə olundu.

Görüşdə Mərkəzdən Afət Yunusova, AzQAC Miqrasiya şöbəsinin təhsil işləri üzrə əməkdaşı, kursun Azərbaycan dili müəllimi Sona Hacıyeva, Tibbi Layihələr koordinatoru Mətanət Qaraxanova kursun işi, müdavimlərin davamiyyət səviyyəsi və son nəticələr barəsində  fikirlərini söylədilər. Nəticələr xeyli ürəkaçan olmuşdur. Kursa 9 tədris ili ərzində xeyli sayda müdavim qatılmış və hər ilin sonunda 35-55 miqranta, bu il isə 30 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun  şəhadətnaməsi verilmişdir.

AzQAC Miqrasiya şöbəsinin təhsil işləri üzrə əməkdaşı, kursun Azərbaycan dili müəllimi Sona Hacıyeva şöbə müdiri Məmməd Kətanovun iş məzuniyyətində olma səbəbi ilə iştirak etmədiyini bildirərək onun salamını və hərtərəfli əməkdaşlığa görə minnətdarlığını çatdırdı. Bu günkü əhatəli görüşdən məmnunluğunu ifadə edərək bildirdi ki, miqrantlara eyni zamanda ölkə tarixi, coğrafiyası, ədəbiyyatı,sosial-iqtisadi həyatı barədə də məlumatlar verilir və onların görməli yerlərə, tarixi məkanlara ekskursiyaları, daxili imkanlar və fərdi ianəçilərin vasitəsilə humanitar yardımlar, İran islam Republikası Qızıl Aypara Cəmiyyəti ilə AzQAC arasında bağlanmış müqaviləyə əsasən ehtiyacı olanlara tibbi müayinə kartlarının verilməsi də təşkil olunur.

Bu il də sentyabrın 20-də müəllimə tərəfindən müraciət etmiş miqrantlarla Aypara Cəmiyyətinin ofisində tanışlıq görüşü keçirilmişdir və Cəmiyyət öz layihəsinin davamı kimi oktyabr ayının 3-də  onlar üçün təmənnasız Azərbaycan dili kursunun 10-cu tədris ilinin açılışını edəcək.

Tibbi Layihələr koordinatoru Mətanət Qaraxanova ötən ildə pandemiya ilə bağlı cəmiyyət tərəfindən aparılmış maarifləndirici tədbirlərdən və göstərilən psixo-sosial dəstəkdən danışaraq  bu il də kursun müdavimləri üçün bir sıra sağlam həyat tərzi ilə bağlı tədbirlərin, psixoloji-sosial dəstək yönündə söhbət-seminarların keçiriləcəyini bildirdi.

Sonda  təhsil kordinatoru Sadiq Ağalarov və BMT QAK-ın QMI mütəxəssisi Afət Yunusova kursa bəzi müraciətlərin olduğunu diqqətə çatdıraraq bu kursun ərsəyə gəlməsində böyük əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.