20 sentyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində ölkədə olan əfqan, pakistan, yəmən müdavimlərin 2022/23-cü tədris ili üçün müraciətlərinin müzakirəsi keçirildi. Miqrasiya şöbəsinin müəllimi onlara ölkənin ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranması, humanitar fəaliyyətlərinin bir çox istiqamətləri ilə yanaşı, miqrasiya problemləri ilə bağlı layihə və tədbirlər həyata keçirməsi barədə məlumat verdi.
Görüşdə eyni zamanda ötən ilin nəticələri, il ərzində təşkil olunan tədbirlərdən söz açılaraq kursun şərtləri, məkanı və vaxtı ümumi razılaşma əsasında təyin edildi. Ümumi müzakirədən sonra dərslərin miqrantların arzusuna müvafiq müəyyən vaxt cədvəli əsasında davam etdirilməsi qərara alındı.
Miqrasiya ilə bağlı fəaliyyət əhatəsini bir az da genişləndirən Milli Cəmiyyət 2013-cü il oktyabr ayının 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında miqrantlara təmənnasız Azərbaycan dili kursunun açılışını etdi. Bu il artıq kursun 10-cu ilinə başlanacaq. Artıq indiyə kimi 9 ildir ki, bu kurs öz müdavimlərinə 9 aylıq tədris təşkil edərək onların biliklərini şəhadətnamə ilə mükafatlandırır. Azərbaycan dilini öyrənmələri onlara çox yardımçı olur. Belə ki, bu il 13-ə yaxın müdavim universitetlərə, texniki məktəblərə və kolleclərə daxil olublar. Məktəb yaşlı müdavimlər isə uğurla respublikanın orta təhsil müəssisələrinə qəbul olublar. Böyüklər isə münasib iş sahələrində işləyirlər.
Görüşün sonunda tələbələr bu kursun təşkilinə görə minnətdarlıqlarını bildiriblər.