28 sentyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində NPVY üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Nağd Əməliyyatlar üzrə məsul şəxs Nuranə Qasımzadə və Beynəlxalq Federasiyanın Azərbaycandakı Nağd Əməliyyatlar üzrə nümayəndəsi Hanifi Kınacının moderatorluğu ilə baş tutan iclasın gündəliyində duran əsas mövzular aparılmış sorğunun ilkin nəticələri və nağd yardımlar üzrə ikinci layihəyə hazırlıq ilə bağlı olmuşdur.
Görüş zamanı 12-14 Sentyabr 2022-ci il tarixində ehtiyaclı insanlar arasında keçirilən sorğu zamanı müşahidə edilən məsələlər, qiymətləndirmənin ilkin nəticələri, ikinci NPVY layihəsinin planlaşdırılmasında nəzərə alınmalı nüanslar, yardım üçün kriteriyaların müəyyən olunması, ikinci MXT ilə əməkdaşlığın yaradılması və mümkün risklər barədə müzakirələr aparılmışdır.
Layihənin növbəti addımı kimi müvafiq rayon bölmələrinin sədrləri ilə görüşün keçirilməsi və onlarla prioritet məsələlərin müzakirəsi qərara alındı.
İclas işçi qrupunun üzvlərinin rəy, təklif və müzakirəsi ilə yekunlaşdı.