8-10 noyabr 2022-ci il tarixində İspaniya Qızıl Xaç Cəmiyyətinin ev sahibliyi ilə Malaqa şəhərində Avropa Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin HİV/QİÇS və Vərəm üzrə şəbəkəsinin (ERNA) 2022-ci il üzrə ümumi görüşləri keçirilib. Görüşün əsas məqsədi Milli Cəmiyyətlər və digər tərəfdaş təşkilatlar arasında məlumat və qabaqcıl təcrübə mübadiləsini gücləndirmək və təşviq etmək idi.
3 (üç) gün davam edən görüşlərdə iştirakçılar müxtəlif debatlar, qrup işləri və təcrübə mübadiləsini əks etdirən məşğələlərə qatılıblar. İştirakçılar eyni zamanda, İspan Qızıl Xaç Cəmiyyəti tərəfindən idarə olunan Malaqadakı Mərkəzi ziyarət ediblər. Bu mərkəzə xroniki asılılıq problemi olan həssas qruplardan olan insanlar qida, gigiyena, çamaşırxana, sosial, psixoloji və sağlamlıq kimi əsas ehtiyacları ödəmək üçün gəlirlər.
Görüşdə 17 Milli Cəmiyyətdən 50 iştirakçı, o cümlədən ÜST, UNAIDS, Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası (IFRC) və yerli partnyor təşkilatların nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini (AzQAC) icraçı katib Ceyhun Mirzəyev və icraçı katibin müavini Şaban Şayev təmsil ediblər.
ERNA görüşləri çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti Ukrayna və Qırxızıstan Milli Cəmiyyətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüş zamanı Milli Cəmiyyətlər arasında əməkdaşlıq və ən yaxşı təcrübələr arasında müzakirələr aparılmışdır.
Görüşün sonunda yeni idarə heyəti üzvləri üçün seçim aparılıb və Massimo Barra növbəti 3 il müddətinə ERNA-nın fəxri prezidenti, Mauro Patti isə prezidenti seçilib.