17 noyabr 2022-ci il tarixində Sumqayit şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə “Gənc Təxliyyəçi” adlı praktiki seminar keçirilib. Seminarın məqsədi “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərindən irəli gələn məsələlərin həlli, gənclərin fövqəladə hallara hazırlıq, ilk yardım, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşmaları istiqamətində maarifləndirilməsidir. AzQAC-ın Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin (FMKD) üzvləri tərəfindən iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzusu ətrafında geniş məlumat verildi və praktiki məşğələlər nümayiş etdirildi. Tədbirdə ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın Sumqayıt şəhər bölməsinin fəaliyyətləri haqqında qısa məlumat da verildi.