Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Qazax, Füzuli, Tərtər, Ağdam və Bərdə rayon bölmələri tərəfindən innovativ layihələr həyata keçirilib. Bu layihələrin məqsədi AzQAC-ın bölmələrinin öz icmalarında müsbət imicini təbliğ etmək, AzQAC-ın könüllülərinə öz bilik və bacarıqlarını artırmaq üçün fürsət yaratmaqdır.
AzQAC-ın Ağdam rayon bölməsi tərəfindən “Ətraf mühiti qoruyaq” adlı keçirilən layihənin məqsədi Ağdamın Quzanlı qəsəbəsində yol kənarı boyunca çirklənmiş ərazinin tullantılardan təmizlənməsi, təmizlənmiş ərazinin istirahət zonası üçün istifadəsinə şərait yaratmaqdır. Ağdam rayon bölməsinin könüllüləri tərəfindən seçilmiş ərazi tullantılardan təmizlənib, tullantılar yığılaraq daşınıb, meşəlik ərazidə olan ağaclar rənglənib və ərazi insanların asudə vaxtlarının keçirilməsi üçün istifadəyə verilib.
Tərtər rayon bölməsi tərəfindən “Təhlükəsiz oyun meydançası” layihəsinin məqsədi Tərtərin Seyidimli və Borsunlu kəndlərində köhnə oyun meydançalarını təmir edərək uşaqların asudə vaxtlarının keçirilməsini təmin etməkdir. Təhlükəsiz oyun meydançaları layihəsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin artıq eksperti olduğu bir layihədir. Bu meydançalar, məhz gənc və yeniyetmələri, məktəbliləri təsadüfi mina faciəsindən qorumağa kömək edir. Tərtər rayon bölməsinin könüllüləri tərəfindən Tərtərin Borsunlu və Seyidimli kənd məktəblərinin həyətində oyun meydançaları abadlaşdırılıb, uşaqların istifadəsinə verilib.
Füzuli rayon bölməsi tərəfindən “İcmalarda məhəllə arası su arxlarının təmizlənməsi” adlı həyata keçirilən layihənin məqsədi tullantılarla çirklənmiş su arxlarının təmizlənməsi, su arxlarının insanların istifadəsinə verilməsi, ətraf mühitin qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılmasıdır. Füzuli rayon bölməsinin könüllüləri tərəfindən 5 gün ərzində ümumilikdə 2200 metr olmaqla Horadiz şəhəri və Əhmədalılar kəndi ətrafında yerləşən su arxları təmizlənib.
Qazax rayon bölməsi tərəfindən “Mina risklərinin azaldılması” adlı həyata keçirilən layihənin məqsədi mina riski təhlükəsizliyi ilə bağlı əhali arasında məlumatlılığın artırılmasıdır. Qazax rayon bölməsinin könüllüləri tərəfindən Ağköynək və Xanlıqlar kəndlərinin təhlükəli və riskli ərazilərində məlumat xarakterli lövhələr yerləşdirilib.
Bərdə rayon bölməsi tərəfindən “Körpələrə daha da yaxın olaq” adlı həyata keçirilən layihənin məqsədi Bərdə rayonunda yerləşən 7 saylı uşaq bağçasının həyətində uşaqlar üçün əyləncə parkı yaratmaqdır. Böyük həyətyani əraziyə malik olmasına baxmayaraq ərazidə körpələr üçün heç bir əyləncə şəraiti yox idi. Bərdə rayon bölməsinin könüllüləri tərəfindən Bərdə rayonun 7 saylı baxçasının həyəti abadlaşdırılıb, uşaqların istifadəsi üçün oyuncaqlar, sürüşkənlər, yellənçəklər yerləşdirilərək 110-dan çox körpənin istifadəsinə verilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından rayon bölmələrimizə göstərilən dəstək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə təşəkkür edirik.