5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun rəhbərliyi ilə yığıncaq keçirilib. Yığıncaqda AzQAC-ın rəhbər heyəti və əməkdaşları iştirak edib.
Görüşü giriş sözü ilə açan, Novruz Aslanov bütün əməkdaşları bu əlamətdar gün münasibətilə təbrik edib və bu tarixin mahiyyətindən bəhs edib. Xüsusilə 44 günlük Vətən Müharibəsində və COVİD-19 pandemiyası dövründə Cəmiyyətin könüllülərinin fədakar əməyini yüksək qiymətləndirən Novruz Aslanov Bərdə terrorunda həlak olan könüllü Məhərrəm Mustafayev və yaralanmış iki könüllünün adlarının tarixdə qalacağını vurğulayıb.
Böyük humanitar şəbəkəyə malik olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında könüllülərin əsas aparıcı qüvvə olduğunu qeyd edən Novruz Aslanov Azərbaycanda da könüllü hərəkatının vüsət aldığını və dövlət tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Milli Cəmiyyətin könüllüsü olmuş, sonradan məsul vəzifələr daşımış və hazırda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyasında müxtəlif vəzifələrdə çalışan sabiq əməkdaşlarımızı bir nümunə kimi təqdim edib.
Novruz Aslanov, sonda 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə bütün əməkdaşları təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.