6 dekabr 2022-ci il tarixində Naftalan şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında 2022-ci ilin yekununa dair tərəfdaşlıq görüşü keçirilib. Görüşün məqsədi AzQAC və BQXK arasında 2022-ci ildə bağlanmış Əməli Tərəfdaşlıq Sazişi çərçivəsində həyata keçirilmiş fəaliyyətlərə birgə baxış, qarşıya çıxan çətinlikləri və onların mümkün həlli yollarını kollektiv şəkildə müzakirə etmək idi.
Görüşdə AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev, rayon bölmə sədrləri, müvafiq proqramlar üzrə çalışan əməkdaşları, eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməliyyatlar üzrə rəhbəri Beata Skwarska, BQXK-ın Bərdə ofisinin rəhbəri Sabin Qralla, Əməkdaşlıq üzrə koordinatoru Cecilia Kituri və müvafiq proqramların əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasındakı əməkdaşlıqdan söz edib. Hər iki təşkilat arasında əməkdaşlığın nümunəvi olduğunu qeyd edən Ceyhun Mirzəyev, Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) fəaliyyətini xüsusilə vurğulayıb. O, könüllülərin həm 2020-ci ilin münaqişə dövrü ərzində, həm də COVİD-19 pandemiyası zamanı cavab vermə tədbirlərini, Milli Cəmiyyətin fəaliyyətlərində necə fəal iştirak etdiklərini və ön sırada olduqlarını qeyd edib.
BQXK-ın Əməliyyatlar üzrə rəhbəri Beata Skwarska da öz növbəsində AzQAC-la olan əməkdaşlıqdan, bu əməkdaşlığın son illərdə inkişafından və AzQAC-ın rayon bölmələri ilə səmərəli tərəfdaşlıqdan bəhs edib.
Tədbirin gündəliyinə Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) fəaliyyətlərinin 2022-ci il üzrə hesabatı, BQXK ilə əməkdaşlıq çərçivəsində görülən işlərin təqdimatı və işçi qruplarının müzakirəsi daxil idi.