Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) 16 dekabr 2022-ci il tarixində Bakıda yerləşən “Fairmont” otelində ənənəvi “Qızıl Ürək” xeyriyyə qala şam yeməyi təşkil edib. İştirakçılara AzQAC-ın ötən illər ərzində görmüş olduğu işlərin hesabatı, o cümlədən, növbəti təqvim ilində görülməsi planlaşdırılan işlər haqqında məlumat verilib. Bundan başqa, AzQAC 8116 – ianələr üçün qısa SMS nömrəsinin və bu yaxınlarda işə salınmış “yardim.et” – rəqəmsal ianə idarəetmə sisteminin təqdimatını keçirib. Tədbirin ən əhəmiyyətli hissəsi AzQAC-ın bu il təsis etdiyi “Qızıl Ürək” adlı Milli humanitar mükafatın təqdimatı olub.
“Qızıl Ürək” xeyriyyə qala şam yeməyi işgüzar dairələrdən, beynəlxalq humanitar təşkilatlardan, məşhurlardan və hökumət rəsmilərindən ibarət yüzlərlə hörmətli qonağı bir araya toplayan illik yüksək səviyyəli tədbirdir. Tədbirin məqsədi onlar arasında sosial məsuliyyətə töhfə verməyi və qeyri-kommersiya fəaliyyətlərinin dəstəklənməsində təcrübə mübadiləsini təşviq etməkdir.
Builki “Qızıl ürək” xeyriyyə qala şam yeməyində 90-dan çox şəxs iştirak edib
Beynəlxalq humanitar təşkilatlar və hökumət rəsmiləri: Beynəlxalq Qızıl Xaç Komitəsi; Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası; Beynəlxalq Miqrasiya Təşkilatı; Azərbaycan Respublikası Prezidentinin Administrasiyası; Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi; Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi; Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi.
Yerli və beynəlxalq işgüzar dairələr və yüksək səviyyəli rəsmilər: “Procter & Gamble Azərbaycan”; “Coca-Cola Azərbaycan”; “AzerGold”; “Bestcomp Group” MMC; “Unibank”; Azərbaycan Mərkəzi Bankı; “McDonalds Azərbaycan”; “A-Qrup Sığorta”; “Aghalarov Group”; “Soliton LTD”; Xalq Bank; “Azercell”; “Avrora Qrup”; “Rabitəbank”; Azərbaycan Sənaye Sığorta; “Azpetrol LTD”; “Bolmart” supermarketlər şəbəkələri; “Novco” şirkətlər qrupu; “Araz” supermarketlər şəbəkələri; Azərbaycan Beynəlxalq Bankı; “Baku Electronics”; “NorthWest Construction”; Paşa Bank; “İrşad Telekom”; “İnteqral”; “Kibrit Tech”; “Modenis” (eManat); “Pasha Travel”, “Visa Azerbaijan”, “Bolt Food Azerbaijan”, Azərbaycan Hava Yolları (AZAL), “LU-MUN Holding”, “AzInTelecom”, “Microsoft Azərbaycan”, “Silk Way West Airlines”, “Azərlotoreya” və s.
Tanınmış şəxslər və mətbuat nümayəndələri: Cənab Nadir Qafarzadə, Xanım Vlada Axundova, Xanım Lalə Məmmədova, Cənab Rəşad İlyasov; “Səhiyyə TV”nin baş direktoru; “Space TV”nin prezidenti və “Muz TV”nin baş direktoru.
“Qızıl Ürək” Azərbaycanda və xaricdə humanitar, xeyriyyə və sosial məqsədli proqram və layihələrin həyata keçirilməsində iştirak edən dövlət qurumlarının, kommersiya şirkətlərinin, beynəlxalq təşkilatların və fərdi şəxslərin töhfələrinə görə milli humanitar mükafatların təqdim edilməsini nəzərdə tutan illik tədbirdir. Nominasiyalar müxtəlif tematik istiqamətlər üzrə aparılacaq: Uşaqlara kömək və qayğı; Elm və təhsilə dəstək; Əlillərin və qocaların rifahı və qayğısına qalma; İdmanın təşviqi, dəstəklənməsi və inkişafı; Veteranların, qaçqınların və miqrantların rifahı və qayğısına qalma; Ətraf mühitin və yaşıl texnologiyaların qorunmasına töhfə; Səhiyyə sahəsində töhfələr; Xeyriyyəçiliyin təşviqi və mətbuatda işıqlandırılması.
AzQAC mükafatın qaliblərinin namizədliyinin irəli sürülməsi və seçilməsi üçün əsas meyar və şərtləri müəyyən edib. “Qızıl Ürəklər” təmənnasız və kommersiya məqsədi daşımayan humanitar dəstəyə görə seçiləcək. Bunun üçün xeyriyyə işlərinə göstərilən dəstək tam şəkildə sənədləşdirilməli, humanitar yardım Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirilməli, bütün bu xeyriyyəçilik fəaliyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 7 əsas prinsipinə uyğun olmalıdır. “Qızıl Ürək” mükafatlarının təqdim edilməsi üzrə ilk tədbir 2023-cü ildə baş tutacaq.
Rəqəmsal transformasiyanı prioritet hesab edən AzQAC “YARDIM.ET” – rəqəmsal ianələrin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə start verir. Sistem AzQAC tərəfindən göstərilən təkmilləşdirilmiş və rəqəmsallaşdırılmış humanitar xidmətləri həyata keçirmək məqsədi daşıyır. “YARDIM.ET” rəqəmsal portalı çərçivəsində ianələriniz HÖP, “ASANPay”, SMS, “MilliÖn”, “eManat”, hesab.az, “ePul”, bank kartı və digər platformalar vasitəsilə qəbul edilir və emal edilir. Toplanan ianələr ehtiyacı olan insanlara müvafiq humanitar xidmətlərin göstərilməsinə yönəldiləcək və yalnız qeyri-kommersiya məqsədləri üçün istifadə ediləcək.