Dekabrın 20-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq Tələbələr Birliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə ilk yardım üzrə müsabiqə keçirilib. Müsabiqə insan həyatını xilas etmək üçün ilk yardımın əhəmiyyəti haqqında məlumatlılığı artırmaq və tələbələri əsas tələb olunan bacarıqları öyrənməyə həvəsləndirmək məqsədi daşıyırdı.
ATU-nun xarici tələbələrlə iş üzrə Dekan müavini Qoşqar İsmayılov, ATU-nun Tədris-Terapevtik Klinikasının Təcili Yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov, həkim–pediatr Zərifə Məmmədova və AzQAC-ın İlk Yardım üzrə əməkdaşları Şahin Biləndərli və Əminə Cabbarova iştirak ediblər.
Tədbirdə əsasən İran, İraq, Hindistan, Efiopiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Fələstin, Pakistan, Sudan və Misirdən olan 50-dən çox tələbə iştirak edib. İştirakçılar praktiki nümayişlər göstərib və ilk yardım bilikləri haqqında suallara cavab veriblər. Müsabiqənin sonunda qalibiyyət qazanan komanda Tibb Universiteti tərəfindən mükafatlandırılıb.
Tədbir zamanı AzQAC-ın əməkdaşı Əminə Cabbarova iştirakçılara Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkətı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətləri baradə qısa məlumat verib.
Qeyd edilməlidir ki, bu tədbir beynəlxalq tələbələr ilə ilk dəfə keçirilib və gələcəkdə davamı planlaşdırılır.