May ayının 10-u Ümummilli lider, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış, eləcə də, AzQAC-ın tarixində silinməz iz buraxmış Ulu öndər və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri Üzvü Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir.
Ulu öndər Heydər Əliyevin dəstəyi, diqqət və qayğısı ilə AzQAC-ın fəaliyyətinin gücləndirilməsi məqsədilə bir sıra Sərəncam imzalanmış, qanunlar qəbul edilmiş, beynəlxalq aləmdə tanınan təşkilata çevrilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il 25 noyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi qərarla Azərbaycan Qızıl Aypara Cəmiyyəti, respublikada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi yeganə rəsmi, müstəqil təşkilat kimi rəsmən tanımışdır.
2023-cü il 10 may tarixində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi, çoxsaylı kollektivi, üzvləri və könüllüləri öz dərin hörmət və ehtiramını ifadə etmək üçün “Fəxri Xiyaban”da onun məzarını ziyarət etmiş, abidəsi önünə çiçəklər düzmüş, ruhuna dualar oxumuşlar.