Ötən həftə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin Azərbaycan dili kursunun müdavimləri müəllimə Sona Hacıyevanın şəxsi təşəbbüsü və təşkilatçılığı ilə Bakının Digah kəndi ərazisində yerləşən Yanar Dağ tarixi bədii qoruğuna ekoloji səfər etdilər. Oktyabr ayından başlayan Azərbaycan dili dərslərində dil təhsili ilə yanaşı müəllimə tərəfindən miqrant müdavimlərə Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı, mədəniyyəti, mətbəxi və qədim mədəniyyət abidələri haqda da müntəzəm məlumat verilir və imkan olduqca onların belə yerlərə səfərləri təşkil olunur.
Bu dəfə də istiqamət Yanar Dağ tarixi qoruğuna oldu. Səfər zamanı müdavimlər əvvəlcə Yanar dağ sahəsinə düşdülər və müəllimə orada bura haqqında məlumat verdi. Sonra ərazidə təşkil edilmiş açıq və qapalı muzeylərdə arxeoloji qazıntılar zamanı tapılmış tarixi-mədəniyyət eksponatlara: qədim dəyirman daşları, duz və dənli bitkilər üyüdən kirkirələr, qəbir daşları, su saxlamaq üçün daşdan yonulmuş “hovuz”lar, üzüm əzmək üçün daş “vanna”lar , üstü yazılı daş kitabələr, daş çıraqlar(şamdanlar) və başqa nümunələrə çox maraqla baxdılar, əyləncəli parkda yaxşı vaxt keçirdilər. Onların müxtəlif sualları müəllimə və muzey bələdçisi tərəfindən ətraflı cavablandırıldı.
Dörd saatlıq ekskursiyanın sonunda gördüklərinin müzakirəsi aparıldı və şəkillər çəkildi. Maraqlı qrup kimi qoruq rəhbərliyi tərəfindən foto- stendə qoyulmaq üçün kollektiv foto çəkildi. Miqrant müdavimlər səfərdən çox razı qalaraq Aypara Cəmiyyətinə və şəxsən müəllimə Sona Hacıyevaya təşəkkür etdilər.