Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda Ümummilli liderimiz Heydər Əliyevin 1996-cı ildə imzaladığı sərəncama əsasən qeyd olunmağa başlamışdır. Bu, Ulu öndərin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.
Hər il olduğu kimi bu il də Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi ilə birgə 2 Fevral – “Gənclər günü” münasibəti ilə musiqili-əyləncəli tədbir təşkil etmişdi. “Turan” restoranında baş tutan tədbirdə Gənclər və İdman Baş idarəsinin, Respublika Qızıl Aypara Cəmiyyətinin, FHN Sumqayıt Regional Mərkəzinin, Azərikimya İB-nin, KİV-in, Sumqayıt Dövlət Universitetinin,Tibb Kollecinin,Texniki Kollecin, Sumqayıt Gənclər evinin, Asan Xidmətin, AzQAC Sumqayıt bölməsinin gəncləri və könüllüləri iştirak edirdilər.
Tədbir “Nice” rəqs qrupunun ifasında vals ilə başladı. Aparıcılar tədbir iştirakçılarını salamladıqdan sonra tədbiri açıq elan etmək üçün AzQAC Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmovanı və İdman və Gənclər Baş İdarəsinin əməkdaşı Ceyhun Hüseynovu səhnəyə dəvət etdilər. Mətanət Məhərrəmova ölkəmizdə gənclərə olan diqqətdən, respublika prezidentimiz İlham Əliyev cənablarının və birinci ledi Mehriban xanım Əliyevanın gənclərə olan diqqət və qayğısından söz açdı. Gənclər Günü ilə baglı İlham Əliyevin bir qrup gəncləri qəbul etməsindən bəhs etdi. Daha sonra o, bölmənin fəaliyyətində gənclərin böyük rolundan danışaraq və onları bayram münasibətilə təbrik etdi.
Ceyhun Hüseynov öz çıxışında Sumqayıt gənclərinin fəaliyyəti və uğurlarından söz açdı. Daha sonra söz alan Respublika Qızıl Aypara Cəmiyyətinin “Gənclər və könüllülər” şöbəsinin müdiri Xalidə İsgəndərova da öz növbəsində bu gün münasibəti ilə gəncləri təbrik etdi. Sonra Respublika Qızıl Aypara Cəmiyyəti, Gənclər və İdman Baş İdarəsi və AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanan Fəxri Fərmanlar və Təşəkkürnamə il ərzində sıx və aktiv əməkdaşlıqda fərqlənən idarə-müəssisə, KİV nümayəndələrinə, bölmənin fəaliyyətində daha fəal iştirak edən könüllülərə təqdim olundu.
AzQAC Sumqayıt şəhər bölməsinin fəaliyyətində gənclərin rolu və könüllülərin təbriklərindən hazırlanan video-çarxlar seyr edildi.
Tədbirin davamı olaraq əyləncəli hissə ilə başladı. Bir-birini əvəz edən musiqi sədaları altında gənclər rəqs edib şənləndilər. Onlar üçün təşkil olunmuş furşet süfrəsi ətrafında əylənməyi davam etdilər. Təşkil olunmuş viktorinanın suallarına daha tez cavablandıran qruplar hədiyyələrlə mükafatlandırıldı.
Gənclər və könüllülərə maraqlı müsiqili çələng təqdim olundu və onlar bolluca rəqs edib şənləndilər. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi.