Konfrans Gürcüstanın Tbilisi şəhərində 2016-cı il fevral ayının 17-20-dək təşkil olunmuşdur. Tədbirdə TRACECA region ölkələrinin və layihədə iştirak edən dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri iştirak etmişdilər. Konfransda TRACECA regionunda yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsində yaranan problemlər və çıxış yolları müzakirə edilmişdir. Belə ki, yol hərəkəti təhkükəsizliyinin təmini sahəsində mühəndisi yanaşmalar üzrə tədbirlərin görülməsi, maliyyələşmə miqyasının koordinasiyası və genişləndirilməsi, Avropa İnvestisiya Bankının rolu və potensialı, regiona kömək sahəsində Avropa İttifaqının Bankının ümumi siyasəti və yol hərəkəti təhlükəsizliyinin təmini problemlərinin həlli üzrə və s. məsələlərə aydınlıq gətirilmişdir. Təqdimatlar zamanı natiqlər tərəfindən yol hərəkətinin təhlükəsizliyi barədə milli qanunvericiliyin və əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, cavabdehlik səviyyəsinin müəyyənləşdirilməsi, təcili tibbi yardımın göstərilməsi, bu sahədə doğru yanaşma və davranışın dəyişilməsi kimi mövzular irəli sürülmişdir. Eyni zamanda yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində maliyyələşmənin innovasiya üsullarının öyrənilməsi, idarə və koordinasiya edilməsi məsələlərinə baxılmışdır.
Konfrans zamanı işçi qruplar yaradılmış və qrup nümayəndələri tərəfindən aşağıdakı mövzular ətrafında müzakirələr aparılmışdır:
-TRACECA layihəsi iştirakçı ölkələrdə yol hərəkəti təhlükəsizliyinin təminini necə yüksəltməli?;
-Regional işçi qrupları arasında bilik və təcrübə mübadiləsi;
-Yol Nəqliyyat Hadisələri üzrə Regional məlumat bazasının yaradılmasının vacibliyi;
-Yol hərəkəti təhlükəsizliyinin tələblərinin yerinə yetirilməsi üçün inkişaf banklarının təsirindən istifadənin vacibliyi.
Konfrans öz işini yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi məqsədilə “Tbilisi Bəyannaməsi”nin qəbul olunması ilə başa catdırdı.
Azərbaycan nümayəndəliyini Nəqliyyat Nazirliyinin Nəqliyyatda Təhlükəsizlik şöbəsinin müdiri Kazım Şərifov, Beynəlxalq Əlaqələr şöbəsinin müdir əvəzi Azər İmanov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran təmsil etmişdilər.