Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Azərbaycan Turizm və Menecment Universitetinin Sosial iş üzrə təhsil alan bir qrup tələbəsi, eyni zamanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri üçün Cəmiyyətimizdə Qızıl Xaç\Qızıl Aypara Hərəkatının fəaliyyətləri və İlk yardım vərdişlərini aşılamaq üçün təlimlər keçirilmişdir.
Məqsəd həkimə qədər olan ilk yardım vərdişlərini aşılamaqla təlimatlandırılmış könüllülər öyrəndikləri biliklərini göstərməklə zərərçəkmiş insanlara yardım etməkdən ibarətdir (təbii fəlakətlər zamanı, sel, daşqın, uçurum, zəlzələ, yanğın, partlayış, döyüş bölgələrində və s.).
Belə ki, aprel ayının 7-də AzQAC-ın Gənclər və Könüllülər şöbəsi, Gənclər Komitəsinin təşkilatçılığı ilə tələbələrə AzQAC-ın Yayım sektoru Qızıl Xaç\Qızıl Aypara Hərəkatının fəaliyyətləri haqqında məlumat vermiş, daha sonra İlk Yardım sektorunun rəhbəri Vurğun Həsənov tərəfindən təlimlər aparılmışdır. Təlimdə könüllülərə zədələr, yanğınlar, zəhərlənmələr, suda boğulma və digər mövzulara aid geniş məlumatlar təqdim edilmişdir. Bununla yanaşı, tələbələrə ilk yardım vərdişləri xüsusi maniken və əyani alətlərin istifadəsi ilə aşılanmışdır. Tələbələr fəal iştirak edib, bu vərdişlərə yiyələnmişlər. Eyni zamanda, iştirakçılar arasında Fundamental Prinsiplərə dair situasiyaların təhlili aparılmışdır.
Təlimin sonunda tələbələrin ilk yardıma dair bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə imtahan aparılmış, sertifikatlar təqdim edilmişdir. İştirakçılar ilk yardım üzrə təlimin onlar üçün çox maraqlı və faydalı olduğunu bildirmişlər.