Müqəddəs Ramazan ayı münasibəti ilə İmperial Tobacco şirkətinin əməkdaşlarının şəxsi vəsaiti hesabına alınmış bağlamaları və yuyucu vasitələr Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 20 nəfər ən ehtiyaclı tənha, imkansız, əlil ahıllara yardım paylanıldı. Paylanan ərzaq bağlamalarının tərkibinə ümumilikdə 27 adda ərzaq məhsulları və yuyucu vasitələr daxil idi.
Az QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək bu cür humanist addım üçün İmperial Tobacco şirkətinin əməkdaşlarına öz dərin təşəkkürünü bildirmişdir. O, həmçinin şirkət əməkdaşlarının 2015-ci ildə ehtiyacı olan sağlamlıq imkanları məhdud insanlar üçün əlil arabalarını payladığını da xatırlatmışdır. Mətanət xanım yardımlaşmaq ayı olan Ramazanda bu cür təqdirəlayiq xeyirxahlığın çox gözəl təşəbbüs olduğunu vurğulamışdır.
İmperial Tobacco şirkətinin əməkdaşları AzQAC Sumqayıt şəhər bölməsinin könüllüləri ilə birgə ərzaq bağlamalarını ehtiyaclı ahıllara paylamışdılar. Həmçinin şirkət əməkdaşları və bölmə könüllüləri ərzaq yardımı alan ahıllara nəqliyyat vasitələri ilə evlərinə çatdırılmasında yardımçı oldular.
Yardım payı alan ehtiyaclı tənha, imkansız ahıllar göstərilən diqqətə görə İmperial Tobacco şirkətinin əməkdaşlarına dərin minnətdarlıqlarını və xeyir-dualarını bildirmişlər.