IMG_0204

“Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək – (MOBİLAZE) layihəsi” həsr edilmiş “Mobillik naminə Tərəfdaşlıq” mövzusunda konfrans keçirildi

Artıq beynəlxalq səviyyəli tədbirlərdə öz sözünü deməklə özünəməxsus nüfuz qazanmış AzQAC  növbəti dəfə 23 iyun 2016-cı ildə Bakı şəhərində Avropa İttifaqının maliyyə dəstəyi verdiyi  İCMPD-nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi) təşkil etdiyi “Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” – MOBİLAZE layihəsinə həsr edilmiş “Mobillik naminə Tərəfdaşlıq” konfransına qatıldı. Təşkilatı bu konfransda  Miqrasiya şöbəsi adından şöbənin əməkdaşı, təhsil üzrə məsul işçi Sona Hacıyeva təmsil edirdi. Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini cənab Mahmud Məmmədquliyev  açaraq Avropa İttifaqına üzv dövlətlər – Çex, Slovakiya, Bolqarıstan, Latviya, Litva, Polşa və Niderlanddan, BMT-nin Qaçqınların Hüqüqlarının Müdafiəsi Ali Komissarlığı (UNHCR)  və   UNİSEF-dən, Qürcüstan və Moldovadan gəlmiş nümayəndələri, yerli nazirliklər, ali baş idarələr və təşkilat və cəmiyyətlərin nümayəndələrini, media işçilərini salamladı və  dedi: Mobillik naminə tərəfdaşlıqlar  öhdəliklərlə bağlı təkliflərə və mobillik, miqrasiya və sığınacaq məsələlərini əhatə edən layihə təşəbbüslərinə əsaslanaraq Aİ və onun tərəfdaşları arasında ikitərəfli əməkdaşlıq üçün ən mükəmməl çərçıvədir.

Sonra sözü Aİ-nın Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Marda verdi. Xanım Mard  Aİ-nin Miqrasiya və Mobillik üzrə Qlobal Yanaşması (MMQY) VƏ Mobillik naminə tərəfdaşlıq çərçivəsi haqda məlumat verərək dedi ki, bu tərəfdaşlıqların əhatə etdiyi tematik sahələr ilk olaraq Aİ-nin MMQY ilə müəyyənləşdirilmiş və şərh edilmişdir.

Sonra Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi (BMSİM)-nin  Layihə rəhbəri xanım Violetta Vaqner MOBİLAZE  layihəsi barədə məlumat verərək dedi ki, layihənin Azərbaycanda icrasına artıq 15 yanvar 2016-cı ildən start verilmişdir və 36 ay davam edəcəkdir. Azərbaycandan layihə tərfdaşları Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və Akademiyası, Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Bakı Dövlət Universitetidir.  Aİ –dən olan tərəfdaşlara isə Çex, Bolqarıstan, Slovakiya, Latviya, Litva, Polşa və Niderlandın Miqrasiya idarələri, nazirlik və qurumlar aiddır.

Xarici İşlər Nazirliyi Humanitar və Sosial məsələlər şöbəsinin müdir müavini Seymur Mərdəliyev və MOBİLAZE layihəsinin milli meneceri cənab Elnur Nəsibov Aİ  və Azərbaycan arasında əməkdaşlığın bu günkü sevindirici məqamlarından söz açaraq bildirdilər ki, bu əməkdaşlığın əsasını 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi(TƏS) və Avropa Qonşuluq Siyasətinin (AQS) 2006-cı ildə qəbul edilmiş Fəaliyyət Planı təşkil edir. Azərbaycanda Mobillik naminə Tərəfdaşlıq sənədi 2013-cü ildə Aİ-yə üzv olan 8 dövlət tərəfindən imzalanmışdır. Bu layihə Viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında 2014-cü ildə qüvvəyə minmiş Saziş və  2013-cü ildə qüvvəyə minmiş Miqrasiya Məcəlləsi və Mobillik naminə Tərəfdaşlıq sənədlərində nəzərdə tutulan tədbirlərin və qaydaların yerinə yetirlməsində Azərbaycana dəstək göstərəcəkdir. Bu layihə  bu yolu keçmiş Gürcüstan və Moldova respublikası tərəfdaşlığı nın səciyyəvi xüsusiyyətlərindən, nümunələrindən bəhrələnməyi tövsiyyə edir.

Konfransda yaradılmış Qanuni Miqrasiya və Miqrasiya & Inkişaf işçi qrupunun üzvü kimi bəzi prioritet təkliflərlə çıxış edən AzQAC Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva Cəmiyyətin prezidenti, Millət vəkili cənab Novruz Aslanovun salamlarını və konfransın işinə uğur arzularını iştirakçılara çatdırdı və dedi ki, hər dövrdə özünəməxsus əlamət və xüsusiyyətləri ilə meydana çıxan miqrasiya məsələləri və  miqrantların problemlərinin həlli məsələsi həmişə gündəmdə olub və bu gün də prioritet mövqedədir. AzQAC yarandığı gündən miqrasiya şöbəsi fəaliyyətə başlayıb və bu fəaliyyət ərzində geniş aspektdə çoxsaylı proyekt və layihələrlə ölkənin həssas qrupları ilə işləmişdir. Ölkənin ən böyük humanitar təşkilatı kimi 96 illiyini bu yaxınlarda tarixin arxivinə yola salmış AzQAC müxtəlif təşkilat və cəmiyyətlərlə əməkdaşlıq edərək  miqrantyönümlü həlli çətin məsələ və problemlərin həllində onlardan dəstək və maliyyə yardımı alaraq bir çox layihələrə imza atmışdır.

Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə qarşılıqlı Əməkdaşlıq haqqında Memoranduma əsasən Respublikanın bütün rayonlarında və Naxçıvan Muxtar Respublikasının rayonlarında Yerli Aypara şöbələrində Miqrantların onları narahat edən məsələlər barədə  müraciət etmələri  üçün Məlumat İnformasiya Mərkəzləri yaradılıb.

Bundan başqa respublikanın bütün ali və orta ixtisas məktəblərində, digər təhsil müəssisələrində İnsan alverinə qarşı mübarizə mövzusunda çoxlu sayda seminarlar keçirilib, gənc nəslin bu yönümdə maarifləndirilməsi baxımından çox mütəşəkkil iş aparılib və hazırda bu iş davam etdirilir.

 Miqrasiya şöbəsi olaraq  ölkəyə gələn miqrant əhaliyə ödənişsiz Azərbaycan dili dərslərinin keçilməsi kimi çox humanitar addımın atılması artıq 3-cü  tədris ilini başa vurmaqdadır. Bununla AzQAC Miqrasiya şöbəsinin məqsədi miqrantların cəmiyyətə inteqrasiyasını sürətləndirmək və onların problemlərini yüngülləşdirməkdir.

Hər milli bayramda müvafiq xeyirxah təşkilatların dəstəyi və əməkdaşlığı çərçivəsində miqrant ailələrinə ərzaq və lazımı məişət əşyaları, geyimlərlə yardımlar edir, onların cəmiyyətə fəal inteqrasiyası üçün miqrant müdavimlər kino-teatrlara, əlamətdar tədbirlərə dəvət edilir, əl işlərini təqdim etmək üçün sərgi və satış yarmarkalarına çağırılırlar.

Çıxış qonaqlar və iştirakçılar tərəfindən çox isti qarşılandı. MOBİLAZE  layihəsi rəhbəri Xanım Violetta Vaqner və Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin direktor müavini xanım Qabriela Abado layihədə müvafiq sahələrdə cəmiyyətin təcrübəsindən yararlanmaq imkanlarını nəzərdən keçirəcəklərini söylədilər.

Konfrans günün sonunda öz işini müsbət notlarla başa çatdırdı.IMG_0159 IMG_0165 IMG_0175 IMG_0194 IMG_0215

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.