Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Ümumdünya Səhiyyə Təşkilatının ana və uşaqların sağlamlığının qorunmasına dair qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması ilə əlaqədar işinin təkmilləşdirilməsi, ana südü ilə qidalanmanın təbliği və digər məsələlərin tədbiq olunması vacib olan tədbirlərdir. Belə ki, ana və uşaqların sağlamlığının qorunması dövlətin daim diqqəti mərkəzindədir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada eyni zamanda ictimai səhiyyə sahəsində dövlətə yardımçı rolunu oynayaraq, yerli hökumət və QHT-la əməkdaşlıq çərçivəsində, Regional Mərkəzlər və Yerli Bölmələr vasitəsilə yeniyetmə qızlar, qadınlar (hamilə qadınlar daxil olmaqla) arasında ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və xəstəliklərin sayının azaldılmasına dair eləcə də perinatal psixologiya, psixi sağlamlığın qorunmasına dair geniş səhiyyə maarifi işini təşkil edir. Belə ki, “1-7 avqust Ümumdünya ana südü ilə qidalanma həftəsi” ilə bağlı, bu ay ərzində, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Suraxanı ( qadın məsləhətxanası) və Sabunçu (Mərdəkan qəsəbəsində Birləşmiş Xəstəxana) rayonlarında yerləşən qadın məsləhətxanaları və doğum evində hamilə qadınlar və analarla görüşlər təşkil edildi. Keçirilən görüşlərdə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova hamilə qadınlar və analara ana südü haqqında, onun uşaqlar üçün əhəmiyyəti, sağlamlığa müsbət təsiri, uşaq və qadın sağlamlığının qorunmasına dair geniş məlumatlar çatdırmışdı. Görüşlərə cəlb olunan qadınlar və eləcə də tibb işçiləri yeni məlumatlar əldə etmək baxımından belə görüşlərin onlar üçün vacib olduqlarını vurğulamışlar. Adı çəkilən tədbirlər AzQAC-in Suraxanı və Sabunçu RB-in təşkilatçılığı ilə keçirilmişdir. Sabunçu rayonunda keçirilən görüşlərdə bölmənin əməkdaşları ilə yanaşı Respublika Qadınlar Cəmiyyəti Bakı Regionun və Xəzər rayonu Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının nümayyəndələri iştirak etmişlər. Sonda daim əməkdaşlıq etdiyimiz “Huggeis” uşaq bezləri şirkəti tərəfindən analara kiçik hədiyyələr təqdim edilmişdir.