«Azərikimya» İB-də «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına start verilmişdir 16 noyabr 2016-cü il tarixində «Azərikimya» İstehsalat Birliyi Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı ilə birgə «Mərhəmətli olmağa tələsin!» devizi altında növbəti xeyriyyə aksiyasına start vermişdir. Birliyin akt zalında keçirilən aksiyada «Azərikimya» İB-nin struktur bolmələri ilə yanaşı Karbamid zavodunun, SOCAR-Polimer MMC-nin, Texnologiyalar parkinin, Sumqayıtda yerləşən idarə, müəssisə, təşkilat, bank və sığorta şirkətlərinin rəhbərləri, Səhiyyə şöbəsinin və özəl klinikaların baş həkimləri, icra hakimiyyətinin və şəhər bələdiyyəsinin nümayəndələri – ümumilıkdə isə 50-dən artıq qurumu təmsil edən insanlar iştirak etmişdir. Tədbirdə çıxış edənlər 6 ildən bəri davam edən və artıq ənənə halını almış aksiyanın əsas qayəsinin ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaq, onların uşaq dünyasına yeni rəng, yeni çalar qatmaq olduğunu iştirakçıların nəzər-diqqətinə çatdırmışlar. Vurğulanmışdır ki 15 gün davam edəcək aksiyada əldə olunan paltarlar və digər vəsaitlər «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatında toplanacaq, məqsədyönlü şəkildə və aksiyaya qatılanların bilavasitə iştirakı ilə ehtiyacı olan və aztəminatlı ailələrin uşaqlarına paylanacaqdır. Aksiyada Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcracı katibi Ceyhun Mirzəyev də iştirak etmişdi. «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinın sədri Mətanət Məhərrəmova çıxış edərək, bu xeyirxah təşəbbüsə qoşulan idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlığını ifadə etmiş və əminliklə bildirmişdirlər ki,növbəti aksiyada daha cox valideyn himayəsindən məhrum,sağlamlıq imkanları məhdud uşaqlar,atılmış,tənha qocaları qış geyimləri ilə təmin olunaraq sevindiriləcəklər.