Son illər ərzində miqrantların artmaqda olan ehtiyacları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı üçün çətinliklər yaratmışdır. Buna görə vəkillilik işi Beynəlxalq Hərəkatın miqrasiya məsələlərinə cavab verməsində həlledici rol oynayır. Miqrasiya məsələləri Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin mərkəzində durur və Beynəlxalq Hərəkat həmin məsələlərin həllinə kömək etməyə çalışır. Bütün bunları nəzərə alaraq, 12-13 dekabr 2016-cı il tarixində Beynəlxalq Qızıl Xac və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) Avropa üzrə Regional Ofisi tərəfindən 20 Milli Qızıl Xaç/Qızıl Aypara Cəmiyyətlərindən olan ekspertlərin, Beynəlxalq Federasiyanın texniki rəhbərləri və məruzəçilərinin iştirakı ilə vəkillilik üzrə bacarıq və təcrübələrin bölüşdürülməsinə dair görüş təşkil edildi. Görüşün məqsədi iştirakçılar üçün açıq müzakirə forumu yaratmaq və milli kontekstdə vəkillilik işlərinə dair iştirakçılara praktiki məsləhətlər vermək idi.
Beynəlxalq Federasiyanın Regional Direktoru Dr. Simon Missiri açılış nitqində miqrantların effektiv müdafiəsi və miqrantlara köməklik göstərilməsi üçün Milli Cəmiyyətlər arasındakı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq, bildirdi: “Biz hamımız bir yerdə olduqda daha güclüyük”. Daha sonra Beynəlxalq Federasiyasının Avropa üzrə Regional Ofisinin Direktor müavini Elxan Rəhimov, baş miqrasiya işçisi Borbala Bodolay, Miqrasiya məsələləri üzrə rəhbər işçi Tiziana Bonzon, BQXK-nin Budapeştdəki Missiyasının başçısı/Əməkdaşlıq üzrə Koordinatoru Patrik Qeysaz miqrasiya məsələləri üzrə vəkillilik işlərində Milli Cəmiyyətlərin bacarıq və imkanlarının artırılmasının vacibliyini vurğulamışlar.
Görüşün açılış sesiyasından sonra iştirakçılar milli kontekstdə vəkillilik üzrə planlar hazırlamaqda faydalı nəzəriyyə olan Dəyişmə Nəzəriyyəsi ilə tanış oldular. Nəzəriyyə İngiltərə Qızıl Xaç Cəmiyyətinin eksperti Conatan Ellis tərəfindən təqdim olundu.
Tədbirin başlıca məqsədi Milli Cəmiyyətlərin bilik və bacarıqlarından faydalanmaq idi. Beləliklə, görüşün ikinci günündə Milli Cəmiyyətlərdən olan iştirakçılar miqrasiya sahəsində özlərinin vəkillilik işlərinə dair təqdimatlarını etdilər. Onlar milli kontekstdə miqrasiya sahəsində həyata keçirdikləri vəkillilik sahəsində gördüyü işlərin uğurları və üzləşdikləri problemlər barədə, habelə bu problemlərin və maneələrin aradan qaldırılması vasitələri barədə fikir mübadiləsi etdilər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Azərbaycanda miqrasiyanın 90-cı illərdə başladığını, lakin miqrasiya axınının 2000-ci ildən etibarən artdığını qeyd etdilər. Azərbaycanda mövcud olan tolerant multi-kulturalizm mühiti və ənənələri ölkəyə miqrant axınına stimul verən səbəblərdən biri olmuşdur. Odur ki, Azərbaycan QAC uzun illərdir ki, miqrasiya sahəsində vəkillilik işini həyata keçirir və Milli Cəmiyyət artıq bu sahədə çalışan Dövlət Miqrasiya Xidməti, Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və bir neçə QHT ilə effektiv əməkdaşlıq əlaqələri yaratmışdır. Bundan başqa qeyd olunmuşdur ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2014-cü ildən etibarən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə layihə həyata keçirir və layihə çərçivəsində miqrantların cəmiyyətə inteqrasiyasına köməklik edilməsi məqsədilə ölkəmizdə miqrantlar üçün təmənnasız Azərbaycan dili kursları yaradılmışdır. Təqdimatlardan sonra iştirakçıların bu xüsusda olan suallarına cavab verildi.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşları Ömərova Nailə və Rüstəmzadə Nigar təmsil etmişlər.