2016-cı il dekabr ayının 9 -dan 16-a kimi Ağdam (Mahrızlı, Zangişalı, Haciməmmədli, Tazakənd, Rzalilar) və Tərtər (Dəmirçilər, Borsunlu, Qaynaq, Tazəkənd, Əskipara) rayonlarının kəndlərində icma arasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə “İlk yardım” təlimləri keçirildi. Təlimlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam, Tərtər, Fizuli, Goranboy, Tovuz və Qazax rayon bölmələrinin səkkiz İlk Yardım təlimçılərı və təlimçılərın köməkçiləri tərəfindən aparılmışdır. AzQAC İcraçı Katibin müavini Səbinə Məhbubi-İran və İlk Yardım üzrə aparıcı təlimatçı doktor Şahin Biləndərli təlimləri müşaidə edib öz tövsiyələrini vermişlər.
Ümumilikdə 10 kənddən 192 icma nümayəndəsi (12 nəfərdən ibarət 16 qrup) iki gün ərzində (hər gün dörd saat yarım müddətində) İlk Yardımçı kimi hadisə yerinin təhlükəsiz nöqteyi nəzərdən və zərərçəkmiş insanın yoxlanılması, qanaxmalar, yaralar, yanıqlar, sınıqlar, zəhərlənmələr, zərərçəkmiş insanın düzgün qaydada daşınması və s. mövzular əsasında təlimləndirilmişdir.
Təlimçılər çalışdılar ki, nümayişlərlə müşayiət olunmuş mövzularda bütün iştirakçılar mümkün qədər praktiki məşqələlərə qoşulub sarğı bağlamaq, mövcud olan materiallardan istifadə edərək ətrafları hərəkətsizləşdirmək və qanı dayandırmaq kimi qaydaları öyrənib tətbiq etsinlər. Eyni zamanda iştirakçılara izah olunmuşdur ki, İlk Yardımla yanaşı zərərçəkmiş insanın psixoloji durumunun sabitləşməsi, onu kömək qəbul edəcəyi vəziyyətə gətirilməsi, ona qarşı diqqətlə yanaşması, təhlükəsiz şəraitin yaradılması da çox vacibdir.
Tədbirlər zamanı BQXK-nin Nümayəndəliyinin əməkdaşları Rasim Allazov və Cabir Əliyev tərəfindən iştirakçılara Təhlükəsiz Davranış adlı plakatı təqdim edilmiş və yazılanların əsasında müvafiq izahatlar verilmişdir.
Təlimlərin sonunda iştirakçılara, kənd bələdiyəsi, məktəb və baxça nümayəndələrinə BQXK-i tərəfindən hazırlanmış “İlk Yardım” çantaları təqdim olunmuşdur.