Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə 13-16 dekabr 2016-cı il tarixlərində Göygöl şəhəri, Olimpia Kompleksində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) cəbhəyanı ərazilərə daxil olan rayon bölmələrinin işçi heyyəti və könüllülərinə Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsi tərəfindən təlim-məşğələ keçirilmişdir. Məqsəd fövqəladə hallar zamanı və fövqəladə hallardan sonra düzgün qiymətləndirilmənin aparılması (şəraitin, risklərin, ehtiyacların və resursların) və humanitar yardımın paylanması qaydalarını izah etməkdir. Düzgün qiymətləndirmə vaxtında və müvafiq dəstəyin göstərilməsi deməkdir və ona görə də yerlərdə prosesi idarə edən şəxslərin bu sahələrdə bilik və bacarığa malik olmaları çox vacibdir.
Təlim-məşğələ AzQAC-ın prezidentinin Fövqəladə hallar üzrə müşaviri Elşən Səlimzadə və AzQAC-ın Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə tərəfindən keçirilmişdir. İştirakçılara izah edilmişdir ki, həm qiymətləndirmə və həm də paylanış prosesi özündə bir neçə vacib amilləri daxil edir: hadisə müddətinin nəzərə alınması, siyahıların qurulması, anbar sisteminin təşkili, imkanlığın və imkansızlığın qiymətləndirilməsi, təhlükəsizliyi təmin etmək məqsədilə davranış qaydalarına riayət olunması, tərəfdaş təşkilatlarla düzgün münasibətlərin qurulması, məlumatları vaxtında toplayıb göndərilməsi. Hər bir əməliyyatın sonunda dəstək alan əhalinin arasında paylanılmış humanitar yardıma dair sorğu aparılır, onun əsasında keçirilmiş əməliyyatın səviyyəsi, müvafiqliyi qiymətləndirilir və gələcək əməliyyatların daha təkmil qaydada keçirilməsi üçün lazım ola biləcək dəyişikliklər müəyyənləşdirilir, müzakirə və daha sonra tədbiq olunur.
AzQAC-ın əməkdaşları çıxışlarında istər beynəlxalq, istərsə də yerli səviyyədə əldə etdikləri bilik və bacarıqlarını iştrakçılarla bölüşmüşdülər. Tədbir zamanı qrup işləri təşkil edilmiş və lazımı materiallar paylanılmışdır.