7 fevral 2017-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovla Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı Ofisinin başçısı xanım Elena Ajmone Sessera arasında növbəti işgüzar görüş keçirilmişdir. Görüşdə AzQAC-nın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ömərova Nailə və BQXK-nın əməkdaşlıq proqramı üzrə məsul şəxsi Rasim Allazov da iştirak etmişlər.
İlk öncə Milli Cəmiyyətin prezidenti cənab Novruz Aslanov BQXK-nın Bakı Nümayəndəliyinin rəhbərinə Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılmasında göstərdikləri səylərə görə təşəkkürünü bildirilmişdir. Qeyd edək ki, Azərbaycan əsgəri Çingiz Qurbanov ötən il dekabrın 29-da cəbhə xəttində baş verən toqquşma zamanı şəhid olmuşdur. BQXK-nin səyləri nəticəsində əsgərin meyiti Azərbaycana təhvil verilərək Qusar rayonunda dəfn edilmişdir. Novruz Aslanov BQXK-ın öz missiyası və mandatı çərçivəsində atdığı addımların və humanitar fəaliyyətlərin yüksək qiymətləndirildiyini bildirdi.
Görüş zamanı Milli Cəmiyyətin prezidenti cənab Novruz Aslanov və BQXK-nın Bakı Ofisinin başçısı xanım Elena Ajmone Sessera AzQAC ilə BQXK-nın Bakı Ofisi və Bərdədə yerləşən yarım-nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində koordinasiya olunmuş münasibətləri yüksək qiymətləndirərək onların humanitar fəaliyyətlərə müsbət təsir etdiyini bildirmişlər. Bu baxımdan, humanitar tədbirlərin və humanitar faəliyyətlərin bundan sonra da uğurla və daha səmərəli şəkildə həyata keçirilməsi üçün hər iki təşkilat arasında qurulmuş əməkdaşlıq münasibətlərinin koordinasiya əsasında qurulmasının vacibliyi vurğulanmışdır.
Sonda tərəflər mövcud şəraitdə əməkdaşlıq çərçivəsində həyata keçirəcəkləri fəaliyyətlər və lazım olan layihələr barədə geniş fikir mübadiləsi aparmışlar.