Qazax şəhər 2 saylı tam orta məktəbində 1 mart “Ümumdünya mülki müdafiə günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin, rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qazax rayon bölməsinin, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, Qazax Dövlət Rəsm Qalereyasının əməkdaşları və KİV nümayəndələri iştirak edib..
Qazax RİHB aparatında sektor müdiri Azad Hümbətov, Rayon Təhsil şöbəsinin müdir müavini Zakir Nəsibov və Az QAC Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı çıxış edərək 1 mart “Ümumdünya mülki müdafiə günü”nün rayonumuzda da yüksək səviyyədə qeyd olunmasından və bu sahədə həyata keçirilən maarifləndirmə işlərindən danışıblar.
Tədbirdə həmçinin ilk açıq dərs dinlənilib, məktəblilər Mülki Müdafiə xidmətlərinin fəaliyyəti ilə tanış olublar. Bundan əlavə “Fövqəladə hadisələr uşaqların gözü ilə” rəsm işlərinə baxış keçirilib.
Sonra məktəblilər məktəb ərazisində şərti olaraq yaradılmış yanğın ocaqlarının söndürülməsi, hadisə nəticəsində xəsarət almış məktəblilərə ilk tibbi yardımın göstərilməsi və onların xilasedicilərin köməyi ilə hadisə yerindən necə çıxarılmasını nümayiş etdiriblər.
Tədbirdə Az QAC Qazax rayon bölməsinin könüllülərdən ibarət olan Çevik Mobil Dəsdə məktəblilərə xilasetmə işlərində necə kömək edilməsi və ilk tibbi yardımın təşkil olunması göstərilib.