İsmayıllı rayon Peşə Tədris Mərkəzində 18-19 aprel 2017-ci ildə keçirilən seminarlarda İsmayıllı rayonu ərazisinə daxil olan kəndlərdən gələn nümayəndələrə “İcmalarda yayım və liderlik vərdişlərinin aşılanması” mövzusunda maarifləndirici təlim keçirildi.
Seminarı giriş sözü ilə açan Cəmiyyətin prezidentinin müşaviri Elşən Səlimzadə təlimin məqsədi və gördükləri işlər barədə iştirakçılara geniş məlumat verdi.
Sonra İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüstəm Səmədov çıxış etdi. Rüstəm müəllim çıxışında AzQAC-ın keçirdiyi layihələrin İsmayıllıda yaşayan əhali üçün nə qədər önəmli olduğundan bəhs etdi. Kənd icmalarının təhlükəsiz və möhkəm qurulmasında Cəmiyyətin təşkil etdiyi seminarların vacibliyindən danışdı.
Cəmiyyətin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin Yayım sektorunun rəhbəri Xalid Xəlilov icma nümayəndələrinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi, fəaliyyət istiqmətləri, fundamental prinsipləri haqqında geniş məlumat verdi.
Kənd icmalarında liderlik vərdişlərinə yiyələnmək mövzusunda AzQAC-ın İcraçı Katibin müavini-Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova çıxış etdi. Xalidə xanım təlimində iştirakçılara liderlik haqqında geniş məlumat verdi. Daha sonra onlarla məşğələ təşkil edildi. İştirakçılar qruplara bölünərək layihə yazmağı öyrəndilər.
Təlimin təşkilatçılığını layihənin meneceri Fərid Seyidzadə, icraçı katibin müavini Səbinə Məhbubi-İran ,AzQAC-ın İsmayıllı rayon bölməsinin sədri Tofiq Soltanov etmişlər.
Seminarın 1-ci günündə İsmayıllı rayonunun Təzəkənd, Tircan, Diyallı, 2- ci gündə isə Kürdmaşı, Sumağallı və Zərnəva kənd icmalarının nümayəndələri iştirak etdilər.