Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı müstəqil, neytral və qərəzsiz bir hərəkatdır. Hərəkatın banisi Solferino dəhşətlərindən hədsiz təsirlənərək dünyanın diqqətini yardım cəmiyyətini yaratmağa yönəldən, yaralılara yardım və qayğı göstərilməsinə beynəlxalq səviyyədə razılığa gəlinməsinə nail olan Anri Dünandır (Henry Dunant). Hərəkatın 3 tərkib hissəsi var : Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Milli Cəmiyyətlər və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası. Hərəkatın əsasını qoyan orqan, silahlı münaqişələrdə neytral vasitəçi, Cenevrə Konvensiyalarının təsisçisi və hamisi Beynəlxalq Qızıl Xaç Komitəsidir.
Hərəkatın tərkib hissəsi kimi dünyada hal-hazırda 190 Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri fəaliyyət göstərirlər. Milli Cəmiyyətlər ilk dəfə müharibə qurbanlarının əzablarını yüngülləşdirmək və yaralı əsgərləri sağaltmaq məqsədilə yaradılmışdır.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin dəstəyi ilə universitetin akt zalında dəyirmi masa təşkil olundu.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov AzQAC-ın gördüyü işlərdən, BQXK ilə münasibətlərindən söz açdı. Novruz müəllim çıxışında AzQAC-a dövlət dəstəyinin göstərilməsinin önəmindən danışdı.
Daha sonra söz BQXK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseraya verildi. Çıxışında xanım Elena BQXK-nın Azərbaycandakı fəaliyyətindən və AzQAC-la qarşıqlıqlı əməkdaşlıqlarından bəhs etdi.
Cəmiyyətin prezidenti Novruz Aslanov daha sonra ATU-nun rektor əvəzi, professor Xalıq Yahudova Cəmiyyətin humanitar missiyasının həyata keçirilməsində göstərdiyi dəstəyə görə fəxri fərman təqdim etdi. Professor çıxışında ona göstərilən diqqətə görə cənab Novruz Aslanova təşəkkürünü bildirdi. Həmçinin, ATU-nun AzQAC-la olan əməkdaşlığından, qarşılıqlı münasibətlərinin önəmindən bəhs etdi və gələcəkdə də əməkdaşlıq sahələrinin genişlənməsindən söz açdı.
Gənc tələbələrin də iştirak etdiyi tədbirdə onları Hərəkatla bağlı maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirildi.