1912-ci ildə yaranan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Liqası müharibə, münaqişə və dinc şəraitində tibb bacılarının göstərdiyi fədakar xidmətlərinə görə “Florence Nightingale” medalını təsis etmişdir.
1934-cü ildə tibb bacısı ixtisaslı kadrların hazırlanmasına dair və tibb bacıları hərəkatının inkişafına dəstək məqsədilə Florens Naytingeyl adına “Beynəlxalq Fond” təsis olunmuşdur. Bu Fondun qərarı ilə hər il “12 May – Ümumdünya Tibb Bacısı Günü” kimi qeyd edilir. Hər iki ildən bir Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən “12 May –Beynəlxalq Tibb Bacısı Günü”nündə fədakar xidmətlərinə görə tibb bacıları yüksək mükafat olan “Florence Nightingale” medalı ilə təltif edilir. 1920-ci ildən bugünədək dünya üzrə 1400-dən artıq insan adı çəkilən medalla təltif olunmuşdur. Ölkələr sırasında Azərbaycan da xüsusi yer tutur. 97 – illik şanlı, tarixi inkişaf yolu keçmiş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 11 tibb bacısı və 1 nəfər tibb qardaşı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən ali mükafatı olan “Florence Nightingale” medalını qazanmışdır.
12 may 2017-ci il tarixində 2 saylıi Bakı Baza Tibb Kollecinin akt zalında Beynəlxalq Tibb bacısı gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri kollecin direktoru t.e.n. Dilarə Məmmədəliyeva açaraq tibb bacısı ixtisasının məsuliyyətli peşə olduğunu söylədi və şərəflə bu adı daşımağı daim vətəndaşların sağlamlığının keşiyində durmağı tövsiyə etdi. Sonra Qızıl Aypara cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq proqramı”nın koordinatoru Mətanət Qaraxanova “Tibb bacısının ixtisasının yaranması, təşkili və inkişafı” mövzusunda geniş təqdimatla çıxış etdi. Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Yasamal Rayon bölməsinin sədri Şahin Hüseynov çıxış edərək tədbir iştirakçılarını tibb bacısı gününün tibb məktəbində keçirilməsinin məqsədyönlü və önəmli olduğunu vürğulayaraq, Cəmiyyətin bu məkanda əməkdaşlıq çərçivəsində həyata keçirdiyi bir sıra fəaliyyətlər qeyd etdi.