Qloballaşan dünyanın cəmiyyəti narahat edən, daim gərgin saxlayan məsələlərindən biri də insanların sağlamlığına təhlükəli olan QİÇS xəstəliyi, ona yoluxanların sayının durmadan artmasıdır. Dünya Səhiyyə Təşkilatının gördüyü dünyamiqyaslı tədbirlərin davamı olaraq Azərbaycanda da bu təhlükəli xəstəliklə mübarizə çox geniş və əhatəli şəkildə aparılır.Bu sahədə Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin istər profilaktik, istər müalicə-müayinə, istərsə də səhiyyə maarifi sahəsində gördüyü böyük işlər təqdirə layiqdir. 26.05.2017-ci ildə baş tutan tədbir də məhz belə bir səhiyyə maarifi və profilaktika baxımından çox uğurlu bir işin- QİÇS-in yayılmasının qarşısının alınmasına həsr edilmiş QİÇS Mərkəzin Qlobal Fondun nəzdində QİÇS/Vərəm/Malyariya proqramlarına dəstək şurasının birgə köməyi ilə ərsəyə gətirdiyi sənədli-bədii kompozisiya və video çarxın təqdimat mərasimi idi. Mərasimdə səhiyyə sahəsində dövlət və hökumət qurumlarının nümayəndələri, QHT rəhbərləri və nümayəndələri, media işçiləri iştirak edirdilər.
Mərasimi giriş sözü ilə Mərkəzin rəhbəri Esmira Alməmmədova açaraq bu işin görülməsi barədə məlumat verdi və qonaqları və çəkiliş qrupunu təqdim etdi.
Sonra insana xitabən hazırlanmış sənədli-bədii kompozisiyanın və video-çarxın təqdimatı oldu. Çıxış edən
qonaqlar –“Təmiz Dünya” İB, Səhiyyə Nazirliyinin tibb müəssisələri , Ölkə Əlaqələndirmə Şurası, Respublika Narkologiya Mərkəzi, QHT-lərin rəhbərləri və nümayəndələri video-çarxın çox uğurlu alındığını söyləyərək onun QİMS-in yayılmasının qarşısının alınmasında böyük rol oynayacağını bildirdilər.
İştirakçılar bu cür diqqətlə işlənmiş bir video materialın hazırlanmasında əmək sərf etmiş başda rejissor Elvin Mirzəyev olmaqla aktyor və çəkiliş qrupuna və Mərkəzin rəhbəri Esmira xanıma təşəkkürlərini bildirdilər və arzu etdilər ki, bu qiymətli vəsait rəflərdə qalmasın, geniş ictimaiyyatın istifadəsi üçün telekanallara, auditoriyalara yol açsın.
Mərasimdə Qızıl Aypara Cəmiyyətini cəmiyyətin miqrasiya şöbəsinin işçisi, Vərəm proqramı üzrə ekspert Sona Hacıyeva və İnformasiya şöbəsinin əməkdaşı Simuzər təmsil edirdilər. Arzulara qoşularaq S.Hacıyeva dəvət üçün Cəmiyyət adından təşəkkür bildirərək video çarxın cəmiyyətin gələcək sağlamlığı yolunda böyük əhəmiyyət kəsb etdiyini vurğuladı və bu işin axırıncı yox axarıncı olmasını arzuladı.