2017-cı il avqust ayının 15–dən 18-ə kimi Füzuli rayonunun Şükürbərli, Alxanlı və Cocuk-Mərcanlı və Tərtər rayonun Yuxarı Qapanlı kəndlərinin icma üzvləri arasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə və texniki dəstəyi ilə “İlk yardım” təlimləri keçirildi. Təlimlər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Tərtər, Fizuli və Goranboy rayon bölmələrinin altı İlk Yardım təlimçılərı və köməkçiləri tərəfindən aparılmışdır. Məqsəd hər bir qeyd olunmuş kənd səviyyəsində İlk Yardım göstərənlərdən ibarət dəstələrin yaradılmasındadır.
Nəticədə ümumilikdə 4 kənddən 60 icma nümayəndəsi (12 nəfərdən ibarət 5 qrup) iki gün ərzində (hər gün dörd saat yarım müddətində) İlk Yardımın göstərilməsi qaydaları (hadisə yerinin, zərərçəkmiş insanın yoxlanılması, təhlükəsizlik qaydalarına nəzarət), qanaxmalar, yaralar, yanıqlar, sınıqlar, zəhərlənmələr, zərərçəkmiş insanın düzgün qaydada daşınması, təxliyə olunması və s. mövzular üzərində təlimləndirilmişdir.
Təlimçılər çalışdılar ki, nümayişlərlə müşayiət olunmuş mövzularda bütün iştirakçılar mümkün qədər praktiki məşqələlərə qoşulub sarğı bağlamaq, mövcud olan materiallardan istifadə edərək ətrafları hərəkətsizləşdirmək və qanı dayandırmaq kimi qaydaları öyrənib tətbiq etsinlər. Eyni zamanda iştirakçılara izah olunmuşdur ki, İlk Yardımla yanaşı zərərçəkmiş insanın psixoloji durumunun sabitləşməsi, onu kömək qəbul edəcəyi vəziyyətə gətirilməsi, ona qarşı diqqətlə yanaşması, təhlükəsiz şəraitin yaradılması da çox vacibdir.
BQXK-nin Səhiyyə və İlk Yardım və Əməkdaşlıq məsələləri üzrə Nümayəndə heyyəti, AzQAC İlk Yardım üzrə aparıcı təlimatçı doktor Şahin Biləndərli təlimləri müşaidə edib öz məsləhətlərini və şərhlərini verdilər.
İlk Yardım vərdişləri ilə yanaşı BQXK-nin Nümayəndəliyinin əməkdaşları tərəfindən iştirakçılara Təhlükəsiz Davranış qaydaları haqqında söhbətlər aparılmış, izahatlar verilmiş və əyani vəsaitlər təqdim edilmişdir.
Təlimlərin sonunda iştirakçılara, kənd bələdiyəsi, məktəb və baxça nümayəndələrinə BQXK-i tərəfindən hazırlanmış “İlk Yardım” çantaları paylanılmışdır.