2017-ci il avqust ayının 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Prezidenti cənab Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin Başçısı xanım Elena Ajmone Sessera və Əməkdaşlıq üzrə nümayəndəsi cənab Əziz Syed Şah Abdulu qəbul etdi.
İlk öncə qonaqları salamlayan Cəmiyyətin prezidenti Dr.Novruz Aslanov onları görməyə şad olduğunu bildirdi. Son görüşdən bir müddət keçdiyinə baxmayaraq hər iki təşkilat tərəfindən çoxlu səmərəli fəaliyyətlər aparılmış, təşəbbüslər irəli sürülmüşdür. Misal olaraq yaxın vaxtlarda yeni yaranmış Fövqəladə Hallar zamanı fəaliyyət göstərəcək Çevik Komandaların yaranması və onların üzvləri arasında simulasiya adlı tapşırığın aparılmasını gətirmək olar.
Görüşün mümkün olduğuna görə təşəkkürünü bildirən xanım Sessera qeyd etdi ki, hal hazırki vaxtda nümayəndəlik növbəti il üçün planlaşdırma ərəfəsindədir, bunun üçün lazımı hazırlıq işləri aparılır. Eyni zamanda görüş əsnasında xanım Sessera əməkdaşlıq üzrə nümayəndə cənab Əziz Syed Şah Abdulu təqdim edib onun tərəfindən fikirləri ilə bölüşmək arzusuna istinad etdi.
Cənab Əziz Syed Şah Abdul öz növbəsində onu qəbul etdiyinə və özünü təqdim etmək imkanına görə Qızıl Aypara Cəmiyyətinin prezidentinə təşəkkürünü bildirdi. O, qeyd etdi ki, hal hazırki vaxtda Fövqəladə Hallar zamanı fəaliyyət göstərəcək Çevik Komandaların yaranması ilə yanaşı onların gücləndirilməsi, lazımı alətlərin hazırlanması və bununla Qızıl Aypara Cəmiyyətinin nəzdində davamlı Fövqəladə Hallara Hazırlıq sisteminin qurulması vacib məsələlərdən biridir. Bu eyni zamanda növbəti planlaşdırma ərəfəsində də nəzərə alınacaq. BQXK-si tərəfindən və Milli Cəmiyyətə texniki dəstək nöqteyi nəzərdən yaxın bir vaxtda İT sisteminin quraşdırılması da nəzərdə tutulur. Sonda BQXK-si ilə yanaşı Milli Cəmiyyətdə təcrübəsi olan cənab Şah Abdul öz bilik və təcrübəsi ilə hər zaman bölüşməyə hazır olduğunu qeyd etdi.
Cəmiyyətin prezidenti cənab Novruz Aslanov fikirləri ilə bölüşdüyünə, aparilan texniki və təşkilatı dəstəyə görə cənab Əzizə təşəkkürünü bildirərək bundan öncə aparılan fəaliyyətlərin gücləndirilməsi və möhkəmləndirilməsinin vacib olduğunu qeyd etdi. Eyni zamanda tövsiyə etdi ki, hər bir aparılan fəaliyyətdə, irəli sürülən təşəbbüsdə Qızıl Aypara Cəmiyyəti və BQXK-nin arasında qurulmuş nümunəvi əməkdaşlıq münasibətləri nəzərdə tutulsun. Bu münasibətlər nəinki Azərbaycanda global bir şəkildə gözəl misal kimi gətirilə bilər.
Görüşün sonunda bir daha gələcəkdə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını Azərbaycanda təmsil edən hər iki təşkilatın sıx əməkdaşlıq münasibətlərinin inkişafı əsasında səmərəli nəticələrin əldə olması üçün lazımı imkanların yaradılması zərurəti vurğulandı.