Məlumdur ki, humanitar təşkilatlar öz fəaliyyətlərini insansevərlik, xeyirxahlıq, mərhəmətlik kimi prinsiplərə əsaslanaraq, həyata keçirir. İnsanlara sosial xidmət göstərmək üçün, hər bir işin həyata keçirilməsində olduğu kimi, işçi heyyəti və könüllülərinin insan sağlamlığına dair bilik və bacarıqlarının mütəmadi təkmilləşdirilməsi zəruridir.
AzQAC-in nümayyəndələri müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində, Azərbaycanda dünyada olduğu kimi insan sağlamlığının qorunması ilə bağlı aktual olan mövzulara dair seminarlarda təlimatçı kimi dəvət olunurlar.
Belə ki, dekabr ayının 23-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin „İcmaya əsaslanan sağlamlıq“ proqramının kordinatoru M.Qaraxanova „Azərbaycan Sosial İşçilər İctimai Birliyi“-in üzvləri üçün „İşdə psixi sağlamlığın qorunması“ mövzusunda seminarı aparmaq üçün dəvət olunmuşdur. Seminarda 13 nəfər müxtəlif universitetlərdə (BDU, Azərbaycan İncəsənət Universiteti) sosial iş üzrə təhsil alan tələbələrə fiziki sağlamlıq, iş yerində psixi sağlamlığa təsir edən amillər, bununla bağlı əlamətlər, sağlamlığın qorunmasına dair geniş məlumatlar prezentasiya şəklində təqdim olunmuşdur. Seminarın interaktiv üsülu ilə keçirilməsi iştirakçılar üçün mövzu ilə bağlı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparmaq imkanını yaradmışdır. Sonda iştirakçılar seminarı sorğu vasitəsilə qiymətləndirmişlər. Yeni ildə də bu kimi seminarların keçirilməsi nəzərdə tutulur.