Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Millət vəkili Novruz Aslanovun Qazaxıstanın Almatı şəhərində 10-cu Avropa Regional Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Konfransının gedişatı zamanı ikitərəfli işgüzar görüşlər keçirilmişdir. 3 may 2018 tarixində Beynəlxalq Federasiyanın Prezidenti və İtaliya Qızıl Xaç Cəmiyyətinin Prezidenti Françesko Rokka ilə təkbətək görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişaf prioritetləri, qarşıdakı hədəflər, qarşılıqlı münasibətlər ətrafında müzakirələr aparılmışdır. Həmin tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Vitse-Prezidenti Gilles Carbonnier ilə Cəmiyyətin Prezidenti Dr. Novruz Aslanov ilə ikitərəfli görüş reallaşmışdır. Görüşdə BQXK-nin Azərbaycan nümayəndəliyi ilə yüksək əməkdaşlıq əlaqələrinin mövcudluğu xüsusi qeyd olunmuşdur. Gələcək fəaliyyətlərdə birgə addımlar ətraflı müzakirə edilmişdir. Qeyd olunan tarixdə Cəmiyyətin Prezidenti Novruz Aslanovun İsrailin Magen David Adom Cəmiyyətindən olan həmkarı Noam Yufrokh ilə görüşü keçirilmişdir. Görüş zamanı iki təşkilat arasında mövcud olan yüksək münasibətlər, qarşılıqlı dəstək ətrafında fikir mübadiləsi aparılmışdır. Cəmiyyətin prezidenti Novruz Aslanov effektiv və işgüzar görüşlər silsiləsində Avstriya Qızıl Xaç Komitəsinin icraçı Katibi Verner Kershbauni ilə görüşədək, Azərbaycan Qızıl Aypara tərəfindən uğurla davam etdirilən “Təhlükəsiz və Möhkəm İcmalar” layihəsi, gələcək perspektivlər istiqamətində yeni layihələrin reallaşması və digər vacib məsələlərlə bağlı söhbətlər aparılmışdır.