AzQAC uzun illərdir ənənəvi qaydada, xüsusilə də, qaçqın və məcburi köçkünlərə humanitar yardımlar edir. Son illərdə bütün Milli və Beynəlxalq bayramlarda AzQAC Miqrasiya şöbəsi daxili imkanlar və şəxsi yardımların dəstəyi ilə Azərbaycanda daimi və ya müvəqqəti sığınacaq tapmış yerli və əcnəbi qaçqın və miqrantlara humanitar kömək edir (ərzaq bağlamaları), rayon və qəsəbələrdə, qaçqın şəhərciklərində və Bakı şəhərində kompakt halda yaşayan məcburi köçkünlərə ilk yardım təlimləri, sağlam həyat tərzi üzrə maarifləndirmə sessiyaları və s. təşkil edir.
2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış (Azərbaycan Dövləti adından AzQAC) 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, 2013-cü ilin oktyabr ayının 1-dən əcnəbi miqrantlar üçün açılmış təmənnasız Azərbaycan dili kursu Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) müvəffəqiyyətlə davam etdirilir.
AzQAC Miqrasiya şöbəsi sentyabr ayında İşçi qrupun Qaçqın Qadın və Gənclər Mərkəzində görüşünü keçirmiş, miqrantların yeni dərs ilinə hazırlıq səviyyəsini müzakirə etmiş, miqrantlara sorğu vərəqələri paylamışdır. Görüşdə Mərkəzin rəhbəri Afət Yunusova,Mərkəzin Layihə meneceri VasifMəmmədov AzQAC Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, şöbənin təhsil işləri üzrə əməkdaşı, kursun Azərbaycan dili müəllimi Sona Hacıyeva,Tibbi Layihələr koordinatoru Mətanət Qaraxanova kursun işi, müdavimlərin davamiyyət səviyyəsi və son nəticələr barəsində fikirlərini söylədilər. Nəticələr xeyli ürəkaçan olmuşdur. Kursa 5 tədris ili ərzində xeyli sayda müdavim qatılmış və hər ilin sonunda 35-45 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun ş şəhadətnaməsi verilmişdir.
QQGM-nin rəhbəri bu il də cox sayda əfqanın kursa qatılacağını söyləyərək onlara bu kursun çox əhəmiyyətli olduğunu vurğuladı və kursun yenidən başlayacağından çox məmnun olduğunu söyləyərək müəlliməyə bu il məktəbə gedən uşaqlar üçün əlavə təşkil etdiyi 2 aylıq hazırlıq dərsləri üçün təşəkkür etdi, Daha sonra bu ilki dərs ili üçün bir neçə təkliflər səsləndirildi.
AzQAC Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, şöbənin təhsil işləri üzrə əməkdaşı, kursun Azərbaycan dili müəllimi Sona Hacıyeva öz tərəflərindən QQGM-in meneceri Afət Yunusovaya, HAYAT Təşkilatının təhsil işləri üzrə koordinatoru Fuad Məmmədova göstərdikləri qayğı və köməyə görə minnətdarlıq etmiş və bildirmişlər ki, nəticələrə müvafiq olaraq AzQAC Miqrasiya şöbəsi bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 1-də miqrantlar üçün Qaçqın Qadın və Gənclr Mərkəzində təmənnasız Azərbaycan dili kursunun 6-cı tədris ilinin açılışını edəcək.
Tibbi Layihələr koordinatoru Mətanət Qaraxanova da kursun işindən məmnunluğunu bildirərək bu il də kursun müdavimləri üçün bir sıra sağlam həyat tərzi ilə bağlı tədbirlərin, psixoloji-sosial dəstək yönündə söhbət-seminarların keçiriləcəyini bildirdi. Sonda QQGM-in meneceri Afət Yunusova kursun həftəlik dərs cədvəli məsələsini də diqqətə çatdıraraq AzQAC rəhbərliyinə – şəxsən Novruz Aslanova, bu kursun ərsəyə gəlməsində böyük əməyi keçən Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova, müəllimə Sona Hacıyevaya, işçi qrupun üzvü, Tibbi layihələr koordinatoru Mətanət Qaraxanovaya öz adından və həmçinin miqrantlar adından təşəkkürlərini bildirdi.